Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Trampın birgə mətbuat konfransında gərgin anlar yaşanıb və iclas mübahisə ilə yekunlaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu hadisələrdən sonra "Fox News" telekanalının efirində çıxış edən Zelenski baş verənlərə görə üzr istəməyəcəyini bildirib.
"Xeyr. Mən prezidentə və Amerika xalqına hörmət edirəm. Biz çox açıq və çox dürüst olmalıyıq, pis bir şey etdiyimizi düşünmürəm. Bəzi şeyləri mediadan kənarda müzakirə etməliyik. Bu, hər iki tərəf üçün yaxşı olmadı. Mən çox aydın danışdım. Aydındır ki, amerikalılar və avropalılar bizim ən yaxşı dostumuzdur. Mən həmişə mediaya açığam, lakin çox həssas şeylər var. Sadəcə tərəfdaşlarımızın vəziyyəti düzgün başa düşmələrini istəyirəm", - Zelenski deyib.
Trampla münasibətlərin yenidən bərpasına inanırmı sualına Ukrayna lideri "Bəli, əlbəttə" cavabını verib.
Daha sonra Zelenski ABŞ-nin dəstəyi olmadan Ukraynanın müharibədə qalib gələ biləcəyi ilə bağlı bunları deyib:
"Bizim üçün çətin olacaq. Buna görə də mən buradayam. Sizin dəstəyiniz olmadan çətin olacaq, xalqımızı itirə bilmərik. Azadlığımızı itirə bilmərik. Ukraynada bunu heç kim istəmir, bəli, təbii ki, heç kim olanları unutmayacaq, amma yenə də yeni işğal dalğasının olmasını istəmirlər. Bizə "NATO yoxdur" deyəndə, hansı təhlükəsizlik təminatlarımız ola bilər? Biz təzyiq etmirik. Sadəcə soruşuruq. Biz dostlarımızla, amerikalılarla paylaşırıq, aydın mesaj veririk, əgər bizimlə qalsanız, bizimlə qalsanız təşəkkür edərik. Gəlin təhlükəsizlik zəmanətlərinin infrastrukturunu edək. Gəlin bunu xalqımızla paylaşaq, paylaşaq ki, Amerika bizimlə qalsın. Biz buna inanırıq".
Milli.Az