Müharibədən sağ qayıtdı, faizə pul götürdü, adam ÖLDÜRDÜ - Məhkəmədən FOTO

28 Fevral 2025 18:24

Bakıda faizə götürdüyü pul borcuna görə tanışını öldürən şəxsə hökm oxunub.
 
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən proses yekunlaşıb.

Ağcabədi rayon sakini Elvin Əsədovun Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Məhkəmənin hökmü ilə Elvin Əsədov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum olunub.
 
Bundan əvvəlki iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il, zərərçəkmiş şəxsin hüquqi varisi isə ən ağır cəza təyin edilməsini istəyib.
 
Qeyd edək ki, məhkəmə gedişatında Elvin Əsədov ittiham üzrə özünü qismən təqsirli bilib.
 
Xatırladaq ki, 2023-cü il dekabrın 30-u saat 23 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Zamiq Cabbarovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə 19-cu polis şöbəsinə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elvin Əsədov saxlanılıb.

Araşdırma zamanı Elvin Əsədovun, pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Cavadxan küçəsində tanışı Zamiq Cabbarova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Elvin Əsədov Qarabağ müharibəsinin iştirakçısı olub.  /Lent.az

Milli.Az