"Azərbaycan təhsilindəki əsas problemlərdən biri məktəbdə müəllimin nüfuzunun zəifləməsidir. Araşdırmalar göstərir ki, bu nüfuz itkisinə ən çox valideynlər, xüsusilə analar səbəb olur. Vatsap qruplarındakı daimi intriqalar, müəllimə qarşı hörmətsizlik, dərs zamanı "kim nə aldı, kim nə qədər pul verdi" kimi mövzuların müzakirəsi və müəllimlərin işinə müdaxilələr bu gün Azərbaycan təhsilində ciddi problemlər yaradıb".
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, müəllim sinifdə yalnız dərs keçməli, şagirdlərin inkişafı və tərbiyəsi ilə məşğul olmalıdır. Lakin bu gün müəllimlər valideynlərin təzyiqləri və müdaxilələri altında fəaliyyət göstərir. Əsassız iddialar və şagirdin məsuliyyətsizliyini ört-basdır etmək cəhdləri təhsilin keyfiyyətini pisləşdirir. Müəllimin nüfuzunun zəifləməsi onun peşəkar fəaliyyətini və cəmiyyətdəki mövqeyini təhlükə altına alır.