Trampdan kriptovalyutaya gözlənilən dəstək gələcəkmi?

28 Fevral 2025 12:00

Kriptovalyuta bazarı son həftələrdə kəskin şəkildə ucuzlaşıb və yaxın zamanda bərpa olunması gözlənilmir.

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın seçki qələbəsindən sonra yaranan yüksəliş dalğası demək olar ki, tamamilə silinib.

ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirməsi və ya Tramp administrasiyasından pro-kripto qanunvericilik addımları kimi müsbət siqnallar gözləyən bazarda "Bitcoin" və digər kriptovalyutalar sürətlə dəyər itirir.

"Bitcoin" yanvarın 20-dəki maksimum səviyyəsindən 21% düşüb və noyabrda Trampın seçki qələbəsindən sonra qeydə alınan səviyyəyə qayıdıb. ABŞ-ın strateji "bitcoin" ehtiyatı yaratmaq planlarının zəifləməsi və yeni tarif təhdidləri riskli aktivlərə tələbi azaldıb. "Ethereum" isə dekabrdan bəri 40%-dən çox dəyər itirib. Lakin prezident seçki kampaniyasında özünü "kripto prezidenti" elan edərək, kriptovalyuta qaydalarını yenidən formalaşdıracağını və ABŞ-ın milli "bitcoin" ehtiyatı yaradacağını bildirmişdi.

Tramp administrasiyası dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) bir neçə kriptovalyuta şirkətinə qarşı araşdırmaları dayandırıb və "Coinbase"ə qarşı iddianı geri çəkib. Lakin bu addımlar kriptovalyuta qiymətlərinə ciddi təsir etməyib.

Tramp vəzifəyə başladıqdan sonra kriptovalyutalar üzrə xüsusi işçi qrupu yaratmaq və yeni qaydalar hazırlamaq barədə sərəncam imzalayıb. Ancaq bəzi investorlar bunun əvəzinə hökumətin birbaşa "bitcoin" alacağını gözləyirdi.

CoinShares şirkətinin tədqiqat rəhbəri James Butterfill bildirib ki, "bitcoin" ehtiyatı ilə bağlı aydınlıq yaranana qədər qiymətlərin əhəmiyyətli dərəcədə bərpa olunacağını gözləmir.

Kriptovalyuta qiymətləri həm də sərt monetar siyasət və yeni ticarət tarifləri ilə bağlı qeyri-müəyyənlikdən təsirlənir.

Milli.Az