MM-dən Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatına SƏRT REAKSİYA

28 Fevral 2025 11:31

Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyirəm. Və əminəm ki, Avropa Parlamentindəkilərin də, ABŞ-də hay diasporuna muzdla xidmət edən konqresmenlərin də, Rusiya Dumasının üzvü Konstantin Zatulin kimi ünsürlərin də son günlər ölkəmiz əleyhinə səsləndirdikləri bəyantlar və etdikləri çağırışlar heç gizlətmək istəmədikləri kimi həm də hərbi cinayətdə və terrorda suçlandırlan bir qrup "miatsumçu"nun Bakıda məhkəmə qarşısına çıxarılmaları ilə bağldır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, onlardan biri məhkəmədə verdikləri ifadələrdə Qarabağda edilən vəhşiliklərin, Azərbaycan torpaqlarının işğalının arxasında SSRİ DTK-sının, digəri Ermənistanın durduğunu deyib:

"SSRİ DTKS-ından sonra haradan tapşırıq alındığı, qərbdəki bəlli çevrələrlə, əmmaməlilərlə məkrli əlaqələrlə də bağlı hələ çox mətləblər açıqlanacaq. Gedən məhkəmə prosesini gözdən salmağa çalışanlar təbii ki, bunu istəmirlər.

Terror və hərbi cinayət törətməkdə ittiham olunanların məhkəmə qarşısına çıxarılmaları indiki halda məhz gücün hüququnun xidmətidir. Amma beynəlxalq praktikada çox az rast gəlinən haldır ki, burada gücün hüququ hüququn gücünün təmini üçün istifadə edilib. O da həqiqətdir ki, dünyadakı bütün ədalətsizliklərin arxasında güc və güclü durur. Azərbaycansa məhz güc tətbiqi ilə ədaləti bərpa edib".

"Bizə yaxın və uzaqda yerləşən bəlli dövlətlərin sinirə bilmədikləri bax həm də budur. Amma sinirəcəklər. Yeni dünya düzəninin qurulmasının orta çəkili dövlətlərsiz mümkünsüzlüyü artıq reallıqdır. Azərbaycan isə indi "middle power" sayılır. Əgər sayılmasaydı, SOCAR ABŞ-nin Şevron şirkəti ilə birgə dost İsrailin Tamar yatağının işlənməsinə buraxılmazdı.

Demək ki, bizə artıq kiçik postsovet ölkəsi kimi deyil də, Böyük Yaxın Şərqin bir parçası və önəmli oyunçusu olaraq baxılır. Pakistan baş nazirinin cənab Prezident haqqında dedikləri, bu qardaş ölkənin iqtisadiyyatına 2 milyard dollar yatırım qoymağı planlaşdırmamız, Suriyada, Afrikada Türkiyə ilə birgə çiyin-çiyinə çalışmamız, Somalinin ardından Qvineya-Bisaunun dövlət başçısının da rəsmi səfərlə ölkəmizə təşrif gətirmələri hərbi və təhlükəsizlik sahəsində təcrübəmizi öyrənmək istəmələri, bizim müdafiə sənayesi məhsullarıyla maraqlanmaları yeni dünya reallığı və bu reallıq çərçivəsində düzgün siyasət qurmağı bacaran orta çəkili dövlətin təsirinin yerləşdiyi regionu da aşa bildiyinin göstəricisi deyil də bəs nədir?!", - deyə millət vəkili vurğulayıb.

Milli.Az