Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyini deyib.
Bu barədə BELTA məlumat yayıb:
"Bir həftədən sonra biz onunla Moskvada görüşəcəyik və bütün məsələlər barədə ətraflı danışacağıq", - o amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.
"Moskvada keçiriləcək görüşün bir sıra aktual beynəlxalq problemlərin, o cümlədən nadir torpaq metalları üzrə ABŞ-Ukrayna razılaşması və regional təhlükəsizlik məsələlərinin hərtərəfli müzakirəsi üçün platformaya çevriləcəyi gözlənilir. Məlum olduğu kimi, Belarus Rusiyanın ən ciddi partnyorlarından biridir. Tərəflər, demək olar, bir çox məsələdə koordinasiyalı davranırlar. Bu baxımdan indiki mürəkkəb geosiyasi məqamda Lukaşenkonun Rusiyaya səfəri təəccüblü olmamalıdır".
Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov danışıb.
O bildirib ki, ABŞ- da hakimiyyət dəyişikliyi dünya üçün yeni reallıqlar vəd edir. Prezident Donald Trampın ölkənin xarici siyasət kursu ilə bağlı müəyyən dəyişikliklər edəcəyi gözlənilir. Bu, özünü xüsusilə Tramp administasiyasının Rusiya- Ukrayna müharibəsi ilə bağlı mövqeyində göstərir.
"Son zamanlar fərqli aktorlar arasında ikitərəfli və çoxtərəfli konteksdə təmasların intensivləşməsi məhz Trampın gələcək həmlələrinə hazırlıqla bağlıdır. Bu baxımdan güman etmək olar ki, Putinlə Lukaşenkonun əsas müzakirə mövzularından biri ABŞ- la münasibətlərin perspektivi olacaq. İkinci bir tərəfdən liderlər Ukraynanın təbii ehtiyatlarının ABŞ - a hasilatı, habelə mümkün atəşkəs və sülh sazişi barədə də danışacaqlar".
Yekun olaraq güman edilir ki, Putin yeni reallıqlarla bağlı Lukaşenkoya müəyyən "ev tapşırıqları" da verəcək.
Aysel Əkbər
Milli.Az