Spirtdən ölümlərin ilginc səbəbi - ucuz araq qıtlığı

28 Fevral 2025 09:46

"Alkoqollu içkilər bazarında böyük problemlər yaşanır".

Bakıda daha üç nəfər texniki spirtdən zəhərlənərək ölüb. Hadisələr Sabunçu, Nizami və Səbayel rayonlarında qeydə alınıb. Belə ki, Sabunçu rayonunda 45 yaşlı E. Qasımovun, Nizami rayonunda 45 yaşlı A. İsayevin, Səbayel rayonunda isə 43 yaşlı Sadiq Əzizxan oğlu Səmədovun etil spirtindən zəhərlənərək öldükləri məlum olub. Bununla da Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 19-a çatıb. Rəsmi məlumatına görə, "Starlyuks" markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Səbuhi Xanhüseynovun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub. Onun barəsində artıq həbs qərarı verilib. 

Spirtli içkilər dünya bazarında ən çox istehlak edilən məhsullar sırasına daxildir. Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışına minimum qiymətin müəyyənləşdirilməsi istiqamətində mühüm addım atılıb. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna yeni - 29-1-ci maddə əlavə olunub. Dəyişikliyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan edilir. Layihəni o vaxt  Milli Məclisə  təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov demişdi ki, bazarda 1-3 manata araq məhsulları satılır: "Halbuki 1 litr araq üçün aksiz vergisi 4,8 manatdır. Bu necə ola bilər ki, 1-3 manata araq satıla bilər?! Burada vergidən yayınma halı var".

Qeyd edək ki, qanunvericilikdəki dəyişikliklə yanaşı, iyulda Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (həcm faizi 80 və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.

Bu, saxta spirtli içkidən ölüm hadisəsinin qeydə alındığı ilk hal deyil. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olub. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "yeni müsavat"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, 2019-cu ildə spirtli içkilərin istehsalı üçün lazım olan lisenziyalar ləğv olundu  və bundan sonra 60-dan çox spirtli içki istehsalçısı meydana çıxdı: "Bununla da bazar daha çox çirklənməyə başladı. Ötən il hökumət ucuz satılan alkoqollu içkilərin qiymətinin minimum həddini müəyyən edən qərar qəbul etdi. Buna qədər isə ucuz və keyfiyyətsiz araq alan insanlar yalnız keyfiyyətdə uduzurdu, indi isə onlar qiymətdə də uduzdu. Hökumət gərək keyfiyyətin artırılması məsələsinə toxunardı. Düşünürəm ki, bu qərar yanlışdır. Alkoqollu içkilər bazarında böyük problemlər yaşanır. Standartlara uyğun araq istehsal edənlər də bu xaosun içində itib-batırlar.

İçkilərin də digər məhsullar kimi istehsal və son istifadə tarixi olmalıdır. Satılan araqların 85 faizinin üzərində bu tarixlər yoxdur. Köhnəlmiş və vaxtı keçmiş spirtli içkilər əhaliyə satılır.  İnsanlar araq alarkən mütləq üstündəki tarixə fikir versinlər".

Eyyub Hüseynov bildirib ki, saxta spirtli içki içmiş adam iki cür halda həmin vəziyyəti hiss edir: "Birincisi, gecədən səhərə qədər susayır. Bu o deməkdir ki, içdiyi spirtli içkinin tərkibində aldehidlərin sayı çoxdur. Aldehidlər spirtdən daha çox uçucudur və o, susuzluq gətirir. İkincisi isə yuxudan oyananda baş ağrısı, gicəllənməsi, gözlərdə şişkinlik varsa, deməli, saxta spirtli içki qəbul edib. Bu o deməkdir ki, həmin içkinin tərkibində "sivuş" yağlarının miqdarı normadan çox olub və yaxşı təmizlənməyib. Regionlarda deyirlər ki, guya "çəkmə araq" daha yaxşıdır. Bu, kökündən yanlış fikirdir. Çünki onlar "sivuş" yağlarından azad olmayan içkilərdir".

E.Hüseynov bildirib ki, Azərbaycanda ən rahat istehsal olunan spirtli içki ağ araqlardır: "Çünki araqların istehsalı üçün xüsusi üzüm bağları salmaq və onun əziyyətini çəkmək tələb olunmur".

Qida texnoloqu Asim Vəliyev "Yeni Müsavat"a bildirib ki, etil spirti (etanol) əsasən alkoqollu içkilərdə istifadə olunan spirt növüdür. Lakin həddindən artıq qəbul edildikdə ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər: "Ölüm halları əsasən yüksək dozada qəbul (qan plazmasında 4-5 qram/litr və ya daha yüksək konsentrasiyada olması) və ya aspirasiya (qusma nəticəsində tənəffüs yollarına mayenin dolması), tənəffüs çatışmazlığı və hipotermiya kimi ağırlaşmalarla bağlıdır. Statistik göstəricilərə əsasən etanol zəhərlənmələrində ölüm ehtimalı 1-5% arasında dəyişir. Lakin vaxtında tibbi müdaxilə ilə bu göstərici əhəmiyyətli dərəcədə azaldıla bilər. Xüsusilə uşaqlar və yaşlı insanlar üçünr isk daha yüksəkdir. Ölüm hallarının əsas səbəbləri arasında tənəffüs dayanması, kəskin pankreatit və ya ikincili travmalar (məsələn, avtomobil qəzası) yer alır.

Texniki spirtlər (metanol, izopropanol və s.) əsasən sənayedə həlledici, yanacaq vədezinfeksiyaedici vasitə kimi istifadə olunur. Onlar toksik qatışıqlar ehtiva edə bilər. Bu maddələrin daxilə qəbulu bir sıra ağırlaşmalara səbəb ola bilir. Məsələn, metanol və digər toksik maddələr qaraciyərdə formaldehidə çevrilərək qanın pH səviyyəsini kəskin aşağı salır, optik siniri zədələyərək saatlar ərzində geridönməz korluğa səbəb ola bilər. Həmçinin başgicəllənmə, huşun itməsi, epileptik tutmalar müşahidə oluna və zəhərli maddələr bu orqanların funksiyasını tamamilə iflic edə bilər. Aritmiya və təngnəfəslik kimi ciddi problemlər yarana bilər".

Qida eksperti deyir ki, ən çox zədələnən orqanlar qaraciyər, böyrəklər, gözlər və beyindir. Metanol insan orqanizmi üçün son dərəcə təhlükəlidir və qəbulu qətiyyən tövsiyə edilmir: "Metanol qaraciyərdə alkoholdehidrogenaz fermenti tərəfindən formaldehidə çevrilir. Bu maddələr metabolik asidoza səbəb olur, hüceyrə zəhərlənməsi törədir. Cəmi 10-30 ml metanol yetkin insanda korluq və ya ölümə səbəb ola bilər. İlk əlamətlər başgicəllənmə, ürəkbulanma 12-24 saat sonra meydana çıxır, bu müddət ərzində isə daxili orqanlarda geridönməz zədələr baş verə bilər".

Milli.Az