Bahalaşma ola bilər - Tramp "iqtisadi müharibə"ni başlatdı, Avropadan cavab gəldi

27 Fevral 2025 17:07

Donald Tramp prezident seçildiyi ilk gündən Avropa İttifaqına qarşı tənqidi mövqe sərgiləyib. O, Avropanı ABŞ-nin iqtisadi maraqlarına zərbə vurmaqda ittiham edərək Aİ-ni "ticari rəqib" kimi səciyyələndirir. "New York Times" qəzetinin təhlilinə görə Trampın Avropa İttifaqına qarşı münasibəti son dörd ildə daha da sərtləşib. O, prezidentliyə başladığı andan etibarən Avropanın öz təhlükəsizliyini özü təmin etməli olduğunu, ABŞ-nin isə artıq Avropanı əvvəlki kimi dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib. Məlumatda bildirilir ki, Tramp Aİ-ni ABŞ iqtisadiyyatına zərər vurmaqda günahlandırmaqla yanaşı, bir çox Avropa ölkələrinin ticarət siyasətlərini ədalətsiz hesab edir.

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) qarşı yeni gömrük tariflərinin yaxın vaxtlarda elan ediləcəyini bildirərək, 25 faizlik rüsum tətbiq etmək qərarına gəldiklərini açıqlayıb. Trampın bu bəyanatı Avropa ölkələrində ciddi narazılığa səbəb olub, xüsusilə də Aİ-nin aparıcı dövlətləri sərt reaksiya veriblər.

Tramp Aİ-yə tətbiq ediləcək tariflərin səviyyəsinə dair suala cavabında "Qərarımızı vermişik, çox yaxında açıqlayacağıq və ümumilikdə bu, 25 faiz olacaq. Bu, avtomobillər və digər məhsullar üçün tətbiq ediləcək. Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün qurulub, amma indi mən prezidentəm", - deyə bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Avropa İttifaqı cavab tədbiri görməyə çalışa bilər, lakin bu, nəticə verməyəcək. O, belə bir addım atılacağı təqdirdə, ABŞ-nin artıq Aİ-dən heç bir məhsul idxal etməyəcəyini vurğulayıb.

Aİ-dəki bəzi analitiklər Tramp administrasiyasının Avropaya qarşı sadəcə laqeyd olduğunu düşünürlər. Digərləri isə ABŞ-nin artıq açıq şəkildə Aİ-ni iqtisadi rəqib və hətta müəyyən mənada siyasi düşmən kimi gördüyünü iddia edirlər. Lakin hər iki qrupun ortaq qənaəti budur ki, ABŞ artıq daha az etibarlı və proqnozlaşdırılması çətin olan bir tərəfdaşa çevrilib.

Donald Trampın Avropa İttifaqı barədə səsləndirdiyi sərt fikirlərə Avropadan reaksiya gecikməyib. Polşa Baş naziri Donald Tusk Trampın "Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün qurulub" fikrinə etiraz edərək, "Aİ heç kimi məhv etmək üçün yaradılmayıb. Əksinə, ittifaqın qurulmasında əsas məqsəd sülhü qorumaq, xalqlarımız arasında qarşılıqlı hörmət və anlaşmanı gücləndirmək, sərbəst və ədalətli ticarət üçün imkanlar yaratmaq və transatlantik dostluğumuzu möhkəmləndirmək olub", - deyə bildirib.

Tusk daha əvvəl də Aİ və ABŞ arasında mümkün ticarət müharibəsinin "tamamilə lazımsız və ağılsız" addım olduğunu bildirmiş və bundan qaçmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çağırmışdı. Onun sözlərinə görə, hər iki tərəf arasında ticarət əlaqələrinin pozulması həm Aİ, həm də ABŞ iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər.

Fransanın maliyyə naziri Erik Lombard Tramp administrasiyasının yeni gömrük tarifləri tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının da eyni addımı atacağını bəyan edib. AFP-yə verdiyi açıqlamada Lombard bildirib ki, "Amerikalılar gömrük tariflərini artırmağa davam edərsə, Aİ də eyni şəkildə cavab verəcək. Biz iqtisadi maraqlarımızı müdafiə edəcəyik və heç bir halda birtərəfli güzəştlərə getməyəcəyik".

Fransa hökuməti də Trampın gömrük tariflərini Aİ iqtisadiyyatına yönəlmiş "təzyiq vasitəsi" kimi istifadə etməyə çalışdığını qeyd edərək, bunun Avropa sənayesinə mənfi təsir göstərəcəyini bildirib.

Tramp Avropa İttifaqına qarşı gömrük tarifləri ilə yanaşı Kanada və Meksikaya da oxşar məhdudiyyətlər tətbiq etmək niyyətindədir. O, dünənki çıxışında bu ölkələrə qarşı gömrük tariflərini dayandırmayacağını bildirib.

Aİ və ABŞ arasında ticarət gərginliyi son illərdə dəfələrlə gündəmə gəlsə də, son hadisələr bu münasibətlərin daha da pozulmasına gətirib çıxara bilər. Aİ liderləri Tramp administrasiyasının ticarət siyasətini sərt tənqid edərək, ABŞ-nin birtərəfli qərarlarla qlobal ticarət sisteminə zərər vurduğunu bildirirlər. Ekspertlər qeyd edir ki, əgər ABŞ və Aİ arasında ticarət müharibəsi baş verərsə, bu, hər iki tərəf üçün iqtisadi itkilərə səbəb olacaq. Avropa İttifaqı ABŞ-dən idxal olunan məhsullara cavab olaraq yeni gömrük tarifləri tətbiq edərsə, bu, dünya bazarında qiymətlərin artmasına və ticarət dövriyyəsinin azalmasına gətirib çıxara bilər.

Bəxtiyar Umarlı
Milli.Az