Hindistanda aparılan yeni araşdırma sahibsiz itlərin sarı rəngə xüsusi maraq göstərdiyini ortaya çıxarıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Kolkata şəhərindəki Hindistan Elm Təhsili və Tədqiqat İnstitutunun alimləri 130-dan çox sahibsiz itin rəng seçimlərini müşahidə ediblər. Onların qarşısına sarı, mavi və boz rəngli yemək qabları qoyulub və itlərin əksəriyyəti sarı rəngli qabı seçib.
Bu tapıntılar "Animal Cognition" elmi jurnalında dərc edilib və "İndependent"də yer alıb. Araşdırmaçılar bu rəng seçimində təkamül tarixinin rol oynaya biləcəyini düşünürlər. Belə ki, itlərin görmə sahəsində sarı çalarları daha çox görünür və bu üstünlük onların əcdadları olan canavarlardan miras qala bilər.
İtlər insanlardan fərqli olaraq rəngləri daha məhdud şəkildə qəbul edir. İnsan gözü üç növ konus hüceyrəsi sayəsində geniş rəng diapazonunu görə bilsə də, itlərdə bu hüceyrələrdən yalnız iki növ var. Nəticədə, onlar qırmızı, yaşıl və narıncı çalarlarını ayırd edə bilmirlər, lakin mavi və sarı rəngləri aydın görə bilirlər.
Tədqiqatçılar bu rəng seçiminin genetik və ya öyrənilmiş davranış olub-olmadığını anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər. Həmçinin, bu tapıntıların yalnız Hindistandakı itlərə aid olub-olmadığını müəyyən etmək üçün fərqli regionlarda da araşdırmalar aparılacaq.
Fidan
Milli.Az