Kürdə biogen maddələr çoxalıb
13 İyul 2012 11:20
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 5 m3/san artaraq 130 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 4, fenollar 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni ötüb.
İyul ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.53-6.84 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Milli.Az