Son vaxtlar cərrahi əməliyyatdan öncə və ya əməliyyat zamanı dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidirik. Sonuncu belə bədbəxt hadisə ötən gün Gəncədə baş verib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə hadisələr zamanı həkimlər işdən kənarlaşdırılır, barələrində cinayət işi açılır.
Bəzi hallarda isə sosial şəbəkələrdə iddialar yayılır ki, həmin həkimlər cəza müddətləri bitdikdən sonra yenidən eyni fəaliyyətlə məşğul olurlar. Maraqlıdır, əgər həkimin məhkumluq həyatı olubsa, o, yenidən, yəni cəza müddəti bitdikdən sonra bu sahədə çalışa bilərmi?
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, hətta həkim bu hüquqdan məhrum olunsa belə, o, müəyyən vaxtdan sonra yenidən peşəsi ilə məşğul ola bilir. Bununla bağlı qanunvericilikdə heç bir qadağa yoxdur.
Hüquqşünans hesab edir ki, həkimlərin daha məsuliyyətli olmaları üçün bu tip hadisələr zamanı rəy verən qurum Səhiyyə Nazirliyinin tabeliyində olmamalıdır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tibb fəaliyyəti üzrə vəzifə tutma və ya həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum edilənlər qeyd edilən sahə üzrə fəaliyyət göstərə bilməzlər. Nazirlikdən mövzu ilə bağlı əlavə hər hansı şərh verilmədi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az