Anasını və nənəsini itirən müğənnin iddialarına TƏBİB-dən açıqlama! - yenilənib - FOTO

26 Fevral 2025 22:33

22:33

Müğənni İlkin Fuadın anası və nənəsi dəm qazından zəhərlənərək yaşadıqları evdə vəfat ediblər.

İfaçı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım əməkdaşlarının hadisə yerinə vaxtında gəlmədiyi üçün bu faciənin baş verdiyini bildirib.

Milli.Az xəbər verir ki, azxəbər.com hadisə ilə bağlı TƏBİB ilə əlaqə saxlayıb.

Qurumdan verilən açıqlamaya görə, əraziyə ilk çağırış 23.19-da olub və 23.30-da Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası hadisə yerində olub:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.02.2025-ci il tarixində saat 23:12-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova ərazisindən 2 nəfərin (qadın cinsli) dəm qazından zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Çağırış saat 23:19-da ilk azad təcili tibbi yardım briqadasına ötürülüb. 23:30-da briqada artıq ərazidə olub, çağırış ünvanın qeyri-dəqiqliyi və çağırış üçün qeyd olunan kontaktla əlaqə yaratmaq mümkün olmadığı üçün ünvanı tapmaqda çətinlik yaranıb. Buna baxmayaraq, saat 23:36-da briqada hadisə yerinə çatıb.

Təcili tibbi yardım briqadası tərəfindən 2 şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Lakin ünvanda olan şəxslərin təkidi ilə briqada ölüm faktı qeydə alınan şəxslərdən birini (1962-ci il təvəllüdlü) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edib. Tibb müəssisəsində də şəxsin ölüm faktı təsdiq olunub.

Meyitlər hüquq-mühafizə orqanlarının müşaiyyəti ilə morqa təhvil verilib".

---------
16:17

Xəbər verdiyimiz kimi, müğənni İlkin Fuadın anası və nənəsi dəm qazından boğularaq dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dəhşətli hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib.

Onlar hadisə yerində ölüb.

Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə onun nənəsidir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az