15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs olunur?

26 Fevral 2025 15:10

Xəbər verdiyimiz kimi, Sabunçuda 15 nəfərin texniki spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. Hadisənin "Starlyuks" markalı gigiyenik vasitənin qəbulu nəticəsində baş verdiyi bildirilir. Artıq Baş Prokurorluq cinayət işinin istintaqı çərçivəsində (CM-in 314.3-cü maddəsi - iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) "Starlyuks" markalı gigiyenik vasitənin istehsalçısı Səbuhi Xanhüseynovu həbs edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, S.Xanhüseynovun həbsi bəzi müzakirələrə səbəb olub. Belə hesab edilir ki, sahibkar gigiyenik vasitə istehsal edib və onun qəbuluna görə baş verən ölümdən məsuliyyət daşıya bilməz.

Baş Prokurorluğun məlumatında qeyd edilir ki, tərkibi yoxlanılarkən, gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib. Bu isə sual yaradır: gigiyenik vasitə kimi istifadə olunan texniki spirtin hazırlanmasında nələr olmalıdır?

Süni intellektdən aldığımız cavaba görə, apteklərdə satılan tibbi spirt əsasən etil spirti (etanol) və ya izopropil spirtindən (izopropanol) hazırlanır:

- Etil spirti (etanol, 70%-96%) - dezinfeksiya üçün istifadə olunur. İçməyə uyğun deyil, çünki yüksək konsentrasiyalıdır və tərkibində texniki qatqılar ola bilər.

- İzopropil spirti (izopropanol, 70%-99%) - güclü antiseptikdir, lakin içildikdə ciddi zəhərlənməyə səbəb olur.

Süni intellekt metil spirtinin (metanol) tibbi spirtə qatılmadığını təsdiqləyib:

"Çünki çox zəhərlidir və hətta az miqdarda içildikdə belə korluğa, sinir sisteminin zədələnməsinə və ölümlə nəticələnə bilər. Metanol daha çox sənaye spirti, antifriz, boya həllediciləri və s. istifadə olunur".

Bununla belə, daha bir açıq sual qalır: əvvəla, texniki spirt ümumiyyətlə daxilə qəbul edilməməlidir. İkincisi, cavabdan da göründüyü kimi, izopropil spirti (izopropanol, 70%-99%) də içildikdə ciddi zəhərlənməyə səbəb olur. Başqa sözlə, gigiyenik vasitə kimi istifadəsi və istehsalına icazə verilən və metanol qatılmayan izopropil spirit də daxilə qəbul edildikdə ölümə səbəb ola bilər. Bu halda "Starlyuks" istehsalçısı metil spirtindən gigiyenik vasitədə istifadə etdiyi üçün niyə o, "səhlənkarlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma" ilə məsuliyyətə cəlb olunur?

"Starlyuks" istehsalçısı ən pis halda istehsal qaydalarını pozmada ittiham olunmalı deyilmi? Çünki daxilə qəbul edilməyəcəyi halda "Starlyuks"un təhlükəli olduğu və ya gigiyenik vasitə kimi istifadə edildikdə dəriyə hər hansı təsiri haqda heç bir iddia yoxdur.

Hüquqşünas Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, Baş Prokurorluğun CM-nin sözügedən maddəsi ilə cinayət işi açması və istintaq çərçivəsində "Starlyuks" istehsalçısını həbs etməsi tamamilə qanunauyğundur:

"Çünki istehsalçı qadağan olunmuş spirtdən istifadə edib və nəticədə bu, kütləvi ölümə səbəb olub. CM-in 314.3-cü maddəsində səhlənkarlıqdan ölümə səbəb olma nəzərdə tutulur. Burada da qəsd yoxdur, ona görə də həbs qətimkan tədbirinin bu maddə ilə həyata keçirilməsi doğru təsbitdir".

S.Vəkilovun sözlərinə görə, istehsalçı icazə verilən spirtdən - etil və ya izopropildən istifadə etsəydi və bu, ölümə səbəb olsaydı, onda heç bir məsuliyyət daşımayacaqdı:

"Bütün hallarda bu, istehsalçıların heç bir halda məsuliyyətsizlik etməməsi gərəkdiyini bir daha təsdiqləyir. Yəni hətta gigiyenik vasitədə də tərkibə xüsusi diqqət edilməlidir, heç bir halda bunun daxilə qəbul edilmədiyi üçün problem olmayacağını düşünüb, istehsal qaydalarını pozmaq olmaz".

Milli.Az