Hamilə qadınlara bu çaylardan içmək olmaz - Necə qidalanmalı?

26 Fevral 2025 12:30

Türkiyəli diyetoloq Şule Bozkurt hamiləlikdə qidalanma prosesləri ilə bağlı xəbərdarlıqlar edib.

Milli.Az xəbər verir ki, hamiləlikdə kifayət qədər və balanslı qidalanmaq ana və körpənin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, istehlak edilə biləcək və problem yarada biləcək qidalara da diqqət edilməlidir. Diyetoloq Şule Bozkurt da sağlam hamiləlik və doğum prosesi ilə bağlı məlumat verib.

Hamiləlik dövründə qidalanmanın kifayət qədər olmadığı hallarda körpə inkişaf edə bilmir, həm düşük, həm inkişaf geriliyi, həm də erkən doğum riski arta bilər ki, bu da ana və körpə üçün ciddi problemlər yaradır.

Bozkurt bildirib ki, hamiləlikdə yetərli və balanslı qidalanma həm ananın sağlamlığının qorunması, həm də körpənin böyüyüb inkişaf etməsi baxımından vacibdir.

Ən vacib vitaminlərdən biri fol turşusudur və bu, hətta hamiləlikdən əvvəl qəbul edilməyə başlanmalıdır. Əsas fol turşusu mənbələri arasında tünd yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar, fındıq, yumurta və avokado var.

Bu dövrdə dəmirə olan ehtiyac artır, buna görə təkcə dəmir əlavəsi deyil, həm də qida vasitəsilə dəmir qəbul edilməlidir. Dəmirin əsas mənbələri qırmızı ətlər, ev quşları və quru paxlalılardır. Dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə birlikdə qəbul edilməsi onun sorulmasını 10 qat artırır. Bundan əlavə, kalsium, fosfor və D vitamini də hamiləlikdə mühüm rol oynayır.

Kalsiumun əsas mənbələri süd və süd məhsullarıdır. Omega-3 də körpənin fiziki və zehni inkişafı üçün vacibdir. Bu səbəbdən hamiləlik dövründə həftədə 1-2 dəfə balıq yemək tövsiyə olunur, lakin dənizin dərinliklərində yaşayan balıqların tərkibində civə olduğu üçün onların istehlakından çəkinmək lazımdır, çünki bu, anaya toksik təsir göstərə bilər.

Hamiləlikdə çay və qəhvə istehlakı barədə danışan Bozkurt onların tərkibindəki kofeinə görə məhdudlaşdırılmalı olduğunu bildirib. Çünki həddindən artıq kofein qəbulu körpədə dəmirin mənimsənilməsini azalda bilər.

Bitki çayları uşaqlığın yığılmasını sürətləndirə bilər, bu isə erkən doğum riskini artırır. Buna görə də, gündə 3-4 fincan içmək məsləhət görülmür. Həmin çayların həqiqətən də təhlükəsiz olub-olmadığını və düzgün saxlanılıb-saxlanılmadığını bilmədiyimiz üçün ehtiyatlı olmaq lazımdır. Birbaşa toksik təsir göstərə bilər. "Bir fincan bitki çayı içməkdən heç nə olmaz" deyə düşünməməliyik. Bu, həqiqətən də hamiləliyi riskə atan bir vəziyyətdir və həkimə məsləhətləşmədən heç bir bitki çayı içilməməlidir.

Hamilə qadınlar kifayət qədər və balanslı qidalanmadıqda həm ana, həm də körpə üçün ciddi problemlər yarana bilər. Çünki körpə tamamilə anadan qidalandığı üçün ananın vitamin və mineral ehtiyatları tükənir və sağlamlığı pisləşir. Qidalanma kifayət etmədikdə körpə də inkişaf edə bilmir. Bu isə həm ana, həm də körpə üçün ciddi çətinliklər yaradır. Buna görə də, ananın kifayət qədər və balanslı qidalanması son dərəcə vacibdir.

Bəzi hamilə qadınlar "iki can taşıyıram, iki qat yeməliyəm" düşüncəsinə qapıla bilərlər. Lakin bu doğru deyil. Hamiləliyin son aylarında aylıq 1-1,5 kilo çəki artımı tövsiyə olunur.

Hamiləliyin ilk aylarında bulantılar səbəbindən analar çox qida qəbul edə bilmir, hətta arıqlama halları da müşahidə olunur. Kalori qəbulunu çox artırmaq olmaz, çünki ana həddindən artıq çəki toplaya bilər və nəticədə körpə normaldan çox çəki ilə doğula bilər. Bu isə doğumu çətinləşdirən bir vəziyyət yaradır. Bundan əlavə, hamiləlikdə rast gəlinən gestasion diabet riskini artırır. Buna görə də mütəmadi idman etməyə diqqət yetirilməlidir.

Bozkurt bildirib ki, siqaret və alkoqolun istehlakı hamiləlik dövründə ciddi problemlər yarada bilər. Bu, düşük riskini artırır, körpənin inkişafına təsir göstərir və erkən doğum ehtimalını yüksəldir. Buna görə də hamiləlikdə alkoqol və siqaretdən tamamilə uzaq durmaq lazımdır.

Hamiləlikdə çəki artımı ananın əvvəlki çəkisinə bağlı olaraq orta hesabla 9-14 kilo arasında dəyişir. Əgər ana hamiləlikdən əvvəl çox arıqdırsa, 14 kiloya qədər çəki ala bilər. Əgər artıq çəkili başlayıbsa, az kökəlməlidir. Hamiləlikdə arıqlama pəhrizləri aparmaq olmaz.

Hamiləliyin son aylarında qəbizlik problemi çox rast gəlinir. Buna görə də su istehlakı həmişə olduğu kimi hamiləlikdə də çox vacibdir. Gündə ən azı 8-10 stəkan su içilməlidir. Sağlam qidalanma rejimi hamiləlik dövründə də davam etdikdə, sağlam hamiləlik və doğum prosesi baş verir. Analar bu mövzuda məlumatlı və diqqətli olmalıdırlar.

Aynişan
Milli.Az