Şimali Koreyanın birinci xanımına nə olub? - Aylardır yoxdur... - FOTOlar

26 Fevral 2025 13:34

Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol-ju uzun müddətdir ki, ictimaiyyətin diqqətindən kənarda qalır. Bu vəziyyət ölkə daxilində güc dinamikalarına dair fərziyyələrin yaranmasına səbəb olub.

Milli.Az xaric mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Ri Sol-junun şəxsi həyatında hər hansı fövqəladə bir vəziyyət olmadığını açıqlayıb. Bununla belə, onun ictimaiyyətə çıxmaması, Kim Çen Inın qızı Kim Ju-ae-ni gələcək varis kimi ön plana çıxarmaq istəyi ilə əlaqələndirilir.

Qəsdən gizlədilir?

Ri Sol-ju sonuncu dəfə keçən il Yeni il şənliklərində görünüb. Mütəxəssislər hesab edirlər ki, birinci xanımın uzun müddətdir ortalıqda olmaması, Kim Ju-ae-nin siyasi arenada tanınmasını sürətləndirmək məqsədi daşıya bilər.

Bəzi siyasi şərhçilərə görə, Kim Çen In qızını güclü bir varis kimi təqdim etmək üçün anasını kölgədə saxlayır. Şimali Koreya lideri öz hakimiyyətini möhkəmləndirmək və gələcəkdə qızı üçün yol açmaq üçün Ri Sol-junu qəsdən ictimaiyyətdən uzaq tuta bilər.

Xatırladaq ki, Şimali Koreyada hakimiyyət Kim ailəsində nəsildən-nəslə ötürülür və Kim Ju-ae atasının varisi ola biləcək yeganə şəxs kimi ön plana çıxarılır.

Fidan
Milli.Az