Yeni təhlükəli epidemiya yarandı - Koronadan daha sürətli yayılır: Ölənlər var

25 Fevral 2025 16:40

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasının şimal-qərb bölgəsində yeni bir virus epidemiyasının baş verdiyini açıqlayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yarasa əti yeyən uşağın səbəb olduğu düşünülən virus nəticəsində 50-dən çox insan həyatını itirib. Hələlik tam olaraq diaqnoz qoyulmayan xəstəliyin ölüm nisbəti 12,49 faiz təşkil edir.

Yanvarın 21-də başlayan epidemiya indiyədək 419 yoluxma hadisəsi ilə nəticələnib, onlardan 53-ü ölümlə başa çatıb. Bu ölüm faizi Covid-19 ilə müqayisədə xeyli yüksəkdir (3,14%).

İlk yoluxma halları Boloko şəhərində aşkarlanıb. Yarasa əti yedikdən 48 saat sonra hemorragik qızdırma əlamətləri göstərən bir uşağın vəfat etməsi xəstəliyin mənbəyi ilə bağlı şübhələri artırıb.

Mütəxəssislər heyvanlardan insanlara keçən xəstəliklərə qarşı ehtiyatlı olmağı tövsiyə edirlər. Belə halların qarşısını almaq üçün vəhşi heyvan ətinin istehlakının azaldılması və gigiyena tədbirlərinin gücləndirilməsi vacib hesab olunur.

Fidan
Milli.Az