"Hava şəraiti və tələbələrin rahatlığı üçün onlayn dərsə keçirilməlidir"

25 Fevral 2025 20:55

Son günlərdə müşahidə olunan hava şəraiti bir daha göstərdi ki, universitetlərdə ən azı həftədə 2-3 gün onlayn təhsil tətbiq edilməlidir. Metro və avtobusların boş olması, şəhərdə hərəkətin xeyli azalması, küçələrin buz bağlaması və bəzi tələbələrin dərsə getməkdə çətinlik çəkməsi bu məsələnin nə qədər vacib olduğunu sübut edir.

"Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələr artıq qar, yağış və digər hava şəraitindən asılı olmayaraq, universitetlərdə hibrid təhsil modelinə keçid ediblər. Məsələn, ABŞ, Kanada, Almaniya və Finlandiya kimi ölkələrdə bir çox universitetlər həftədə bir neçə gün dərsləri onlayn formatda təşkil edir. Bu, tələbələrə daha rahat və çevik təhsil almağa imkan yaratmaqla yanaşı, şəhər infrastrukturuna və nəqliyyat sisteminə düşən yükü də azaldır".

Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, onlayn təhsilin müəyyən günlərdə tətbiqi xüsusilə qış aylarında və pis hava şəraitində tələbələrin rahatlığını təmin edə bilər. Tələbələr hər gün kilometrlərlə yol qət etmək, qarlı və buzlu yollarda hərəkət etmək məcburiyyətində qalmayacaqlar. Həmçinin, bu, universitetlərin kommunal xərclərini azaltmağa, auditoriya yükünü optimallaşdırmağa və texnoloji imkanları daha geniş tətbiq etməyə kömək edə bilər.

"Bundan əlavə, tələbə sayının ictimai nəqliyyatda sıxlıq yaratması və şəhərdaxili hərəkətə mənfi təsir göstərməsi də nəzərə alınmalıdır. Universitetlərdə dərslər tamamilə ənənəvi formatda keçirildikdə səhər və axşam saatlarında avtobus və metroda sıxlıq kəskin şəkildə artır. Bu, yalnız tələbələrin deyil, işə gedən digər vətəndaşların da rahatlığını məhdudlaşdırır və nəqliyyatın iflic olmasına səbəb olur. Xüsusilə BDU, ADNSU, ADPU, UNEC kimi böyük universitetlərin yerləşdiyi ərazilərdə səhər saatlarında ciddi tıxaclar yaranır.

Hazırda ölkəmizdə universitetlərin böyük əksəriyyəti onlayn tədris imkanlarına malikdir. Pandemiya dövründə universitetlər onlayn dərs keçmək üçün zəruri texniki bazanı yaratdılar və bu sistem effektiv şəkildə işlədi".

Bəs niyə bu imkanlardan indi istifadə olunmur?

Ekspert qeyd edib ki, onlayn dərslər təkcə pandemiya zamanı yox, tədris prosesinin bir hissəsi kimi sistemli şəkildə tətbiq edilməlidir.

"Tələbələrin rahatlığı və təhsilin keyfiyyətini qorumaq üçün universitetlərdə həftədə ən azı 2-3 gün distant dərslərin keçirilməsi rəsmi qaydada tətbiq olunmalıdır. Bu, təkcə hava şəraiti ilə bağlı deyil, həm də müasir dövrdə təhsilin daha çevik və əlçatan olması üçün vacib addımdır. Nəqliyyat yükünün azalması, tələbələrin vaxta qənaət etməsi, şəhərdə tıxac və sıxlığın azalması və universitetlərin daha effektiv idarə olunması baxımından bu, müasir təhsil sisteminin zəruri tələblərindən biri olmalıdır".

Aysel Əkbər
Milli.Az