Rəsmi olaraq USAID və digər yardım proqramları humanitar və iqtisadi dəstək məqsədi daşısa da, əslində bu qurumların fəaliyyətində siyasi və geosiyasi maraqlar üstünlük təşkil edir. Xüsusilə USAID-in fəaliyyəti qeyri-şəffaf idarəçilik, korrupsiyaya şərait yaratmaq və xarici dövlətlərin daxili siyasətinə müdaxilə ittihamları ilə tez-tez gündəmə gəlir.
Donald Tramp prezidentliyinin ilk dövrlərindən etibarən USAID-in fəaliyyətini kəskin şəkildə tənqid edib və bu qurumun Amerika vətəndaşlarının maraqlarına xidmət etmədiyini vurğulayıb. O, USAID-in müxtəlif ölkələrə milyardlarla dollar ayırmasını "nəhəng korrupsiya mexanizmi" kimi qiymətləndirib. Trampın yanaşması nəticəsində USAID-in minlərlə əməkdaşı işdən çıxarılıb və qurumun maliyyələşdirməsində ciddi ixtisarlar aparılıb.
USAID-in müxtəlif regionlarda fəaliyyəti onun böyük siyasi oyunların hissəsinə çevrildiyini göstərir. Məsələn, Venesuela prezidenti Nikolas Maduro bu qurumun onun ölkəsindəki müxalif qruplara 5 milyard dollardan çox nağd vəsait verdiyini və bu pulların mənimsənildiyini iddia edib. Ukraynada isə USAID-in 12 yaşa qədər olan uşaqlar arasında LGBT təbliğatı aparmaq üçün 500 milyon dollar ayırdığı barədə məlumatlar yayılıb. Belə faktlar USAID-in humanitar yardım bəhanəsi ilə siyasi və ideoloji məqsədlərə xidmət etdiyini sübut edir.
USAID-in Azərbaycandakı fəaliyyəti şübhəlidir. Bu qurum ölkədə müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirərək onları qrant asılılığına salır və yerli cəmiyyətə təsir etmək üçün müəyyən layihələr həyata keçirir. USAID-in dəstəklədiyi təşkilatların bir çoxu guya insan haqları və demokratiya adı altında fəaliyyət göstərsə də, əslində onların məqsədləri dövlətin daxili işlərinə müdaxilə etməkdir. USAID-in ölkədə müxalifət qruplarını dolayısı ilə dəstəklədiyi, onların fəaliyyətinə maliyyə yardımı ayırdığı barədə iddialar mövcuddur. Həmçinin, bu qurum müxtəlif sosial layihələr adı altında yerli əhali arasında müəyyən ideoloji təsirlər yaratmağa çalışır və qərbyönümlü ideyaları təbliğ edir.
NED kimi digər xarici yardım proqramları da eyni qaydada iş görür. Sözgedən qurumun müxalif siyasi hərəkatlara maddi dəstək verdiyi, bəzi dövlətlərdə "rəngli inqilablar" şəklində işləyən siyasi müdaxilələr etdiyi iddia olunur. Tramp administrasiyası bu cür qurumların fəaliyyətini dondurmağa və bu sahədə islahatlar aparmağa çalışır.
Buna baxmayaraq, demokratlar USAID-in fəaliyyətinin davam etməsini israrla dəstəkləyir. Onlar iddia edirlər ki, bu qurumun işləməsi ABŞ-nin qlobal nüfuzunu qorumaq üçün vacibdir və yardımların azaldılması ABŞ-nin beynəlxalq diplomatik aləmdəki rolunu zəiflədəcək. Bununla yanaşı, demokratlar USAID-in humanitar yardım təşkilatı kimi vacib fəaliyyət göstərdiyini və yoxsul ölkələrə təsirin azalmaması gərəkdiyini vurğulayırlar.
Tramp administrasiyası isə bu tənqidlərə cavab olaraq bildirir ki, xarici yardım siyasəti köklü dəyişikliyə ehtiyac duyur. Administrasiyanın fikrincə, ABŞ öz resurslarını daha effektiv və strateji istiqamətlərə yönəltməlidir. Vergi ödəyicilərinin pullarını boşuna xərcləməkdənsə, bu resurslar real nəticə verən layihələrə ayrılmalıdır. Tramp və onun administrasiyası inanır ki, USAID kimi qurumların fəaliyyəti təcili olaraq dayandırılmalı və ya ciddi dəyişikliyə məruz qalmalıdır.
USAID-in gələcək taleyi Tramp administrasiyasının siyasətindən asılı olacaq. Trampın yenidən hakimiyyətə gəlməsi ilə USAID-in fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulması və ya qurumun tamamilə bağlanması ehtimalı artır. Onun administrasiyası USAID-in maliyyəsini kəsmək və bu vəsaitləri daha çox ABŞ daxilində infrastruktur, səhiyyə və iqtisadi inkişaf layihələrinə yönəltmək niyyətindədir.
Tramp və onun komandası hesab edir ki, USAID uzun illər boyu qeyri-şəffaf şəkildə fəaliyyət göstərib, xarici dövlətlərin daxili siyasətinə müdaxilə edib və ABŞ resurslarını effektiv olmayan layihələrə xərcləyib. Bu baxımdan, USAID-in strukturunun köklü şəkildə dəyişdirilməsi, onun fəaliyyət sahəsinin məhdudlaşdırılması və beynəlxalq yardım proqramlarının daha sərt nəzarət altına alınması gözlənilir.
Bundan əlavə, Tramp administrasiyası USAID və digər yardım təşkilatları vasitəsilə həyata keçirilən siyasi proqramları ləğv edərək, yalnız konkret humanitar və iqtisadi nəticələr verən layihələrə üstünlük verəcək. Demokratlar isə bu dəyişikliklərə mane olmağa çalışacaq və USAID-in fəaliyyətinin davam etməsi üçün Konqresdə mübarizə aparacaqlar. Onların fikrincə, xarici yardımın kəsilməsi ABŞ-nin dünya səhnəsindəki liderliyini zəiflədə və Çin, Rusiya kimi güclərin təsirini artıracaq. Ümumilikdə, USAID-in gələcəyi Tramp administrasiyasının islahatlarının miqyasından, Konqresdəki qarşıdurmalardan və beynəlxalq münasibətlərin gedişatından asılı olacaq.
İslam
Milli.Az