Azərbaycanlı aktrisa gələcək həyat yoldaşından danışdı - FOTOSESSİYA

1 Avqust 2012 01:30
Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın Milli.Az-a müsahibəsi.

- Zülfiyyə xanım, neçə ildir teatrda çalışırsınız?

- Mən İncəsənət Universitetini 2007-ci ildə bitirmişəm. Elə həmin ildə də Bələdiyyə Teatrına aktrisa kimi işə düzəlmişəm. Artıq 5 ildir ki, bu teatrda çalışıram.

- Bələdiyyə Teatrına kimin köməkliyi ilə gəldiniz?

- Mən xalq artisti, tanınmış rejissor Ağakişi Kazımovun həm bakalavrda, həm də magistraturada oxuduğum zaman tələbəsi olmuşam. O mənim həm kurs rəhbərim, həm də elmi rəhbərim olub. Bələdiyyə Teatrına da Ağakişi müəllimin tövsiyyəsi ilə gəlmişəm. Mənim bu teatra gəlməyimdə və peşəkar səhnədə aktrisa kimi fəaliyyətə başlamağımda müəllimimin bilavasitə rolu olub.

- Teatra gələn zaman aktyor heyətinin sizə münasibəti necə idi?

- Təbii ki, kollektivdə insanlara öyrəşmək çətin idi. Çünki mən universiteti qurtaran kimi buraya işləməyə gəlmişdim, heç bir teatrda işləyərək təcrübə toplamamışdım. Amma çətin olsa da, kollektivə alışdım. Onu deyim ki, xarakter etibarilə gec alışan insanam, amma alışdımsa, çətin ki, ayrılam (gülür). Gözəl münasibət  göstərən də var idi, əksini də. İnsanıq da. İlk rollarım isə çox balaca rollar idi. Amma teatrda ilk baş rolum Mövlud Süleymanlının "Bəylik dərsi" əsərinin tamaşasında Sarıca obrazı olub. Qeyd edim ki, tamaşanın rejissoru Rövşən Almuradlıdır. Bu rolu oynamağım da əslində qəribə oldu. Mən bu tamaşada Ağca roluna təsdiqlənmişdim, o da dublyor olaraq. Məşq prosesində rejissora Sarıca rolunu oynamaq istədiyimi bildirdim. Rejissor sınaq məşqinə baxandan sonra məni bu rola təsdiq etdi və məşq etməyimi tapşırdı. Sonda premyeranı da mən oynadım.

- Teatrınızda tamaşaçı kütləsi nə dərəcədədir?

- Sözün düzü, bu dəqiqə bütün teatrlarda tamaşaçı problemi var. Buna gedib başqa teatrlarda tamaşaya baxan zaman şahid olmuşam. Amma çox şükür ki, bizim teatrın da tamaşaçısı var. Amma istərdim ki, tamaşaçı kütləsi bundan da çox olsun. Məsələn, Mövlud  Süleymanlının "Bəylik dərsi", Abdulla Qurbaninin "Türk sancağı", Anarın "Qaravəlli", Qurban Səidin "Əli və Nino" kimi əsərlərinin tamaşaları çoxlu tamaşaçı kütləsi toplayır.

- Teatrınızın qastrol səfərləri haqqında nə danışa bilərsiniz?

- Həm Azərbaycanın müxtəlif rayonlarında, həm də xaricdə bir çox qastrolda oluruq. Məsələn, regionlardan başqa, Moskvada "Əli və Nino", Türkiyənin Bursa şəhərində "Qaravəlli", Ukraynanın Kiyev, Xerson şəhərlərində "Əli və Nino" tamaşaları ilə festivallarda, qastrol səfərlərində olmuşuq. Qeyd edim ki, çox gözəl və uğurlu qastrol səfərləri olub. Bu yaxınlarda da "Mürafiə vəkillərinin hekayəti" tamaşasını təhvil verdik. Bu tamaşada Zeynəb rolunu oynamaq mənə həvalə olunmuşdu. Zeynəb Hacı Qafurun siğə arvadı olub, cilddən-cildə girən insan tipidir (gülür).

- Özünüzü necə ifadə edə bilərsiniz?

- Emosional, haqqını tələb etməyi bacaran, zəhmətkeş və ən əsası da məsuliyyətli insanam. Bu xüsusiyyətlərim aktrisa kimi fəaliyyətimdə də keçərlidir. Daima axtarışdayam, özümə qarşı həmişə tənqidi yanaşıram. Aktrisa kimi formada qalmaq üçün də həmişə çalışıram.

- Amma mənimlə razı olun ki, Bələdiyyə Teatrının aktyorları kütlə arasında çox da tanınmırlar...

- Az tanınırlar deyəndə ki, elə tanınan teatrların elə stajlı aktyorları var ki, mən belə, həmkarlarım olduğu halda, tanımıram, nəinki tamaşaçı. Günah kinoların azlığındadır. Amma çox şükür ki, bizim teatrdakı gənc nəsil, içində özüm də olmaq şərtilə, son zamanlar kinolara, reklam çarxlarına, seriallara çəkilirik. Bu da, inşallah, zamanla həm uğurun, həm də tanınmağın göstəricisi olacaq.

- Film həyatınızdan nə danışa bilərsiniz? Ümumiyyətlə, sizin üçün film əsasdır, yoxsa teatr?

- Hər ikisinə ciddi yanaşıram. Teatr canlı sənətdir, bilavasitə tamaşaçı ilə ünsiyyətdə olursan. Kino da eyni zamanda məsuliyyətli işdir, onu da çox sevirəm. Kino işim də, şükür, pis getmir, hər şey yavaş-yavaş çox gözəl olacaq. Çünki mən məhz istedadım, məsuliyyətim və zəhmətimlə teatrda və kinoda rol alan aktrisalar cərgəsinə daxiləm.

- Səhv etmirəmsə, türk rejissor Naci Çelik Berksoyun filmlərinə də çəkilmisiniz. Bu haqda məlumat verməyinizi istərdim.

- Bu il kifayət qədər filmə çəkilmişəm. Çəkildiklərim arasında Rəhbər Qənbərinin "Arzular", Nəsimi Əliyevin "Dalan", Cavid Təvəkkülün "100 manat", Elmar İmanovun "Tabutdüzəldənin yelləncəyi" ("Качели гробовщика"), Elmar İmanovun basqa yeni bir filminə və s. bu kimi filmlərə çəkilmişəm. Seriala gəldikdə isə Elşən Heydərovun "Hörümçək toru", Elçin Cahangirovun "Susmuş vicdan", Naci Çelik Berksoyun "Həyat varsa" serialının "Yuxu" və "Axsaq ayaq" bölümlərində çəkilmişəm.

- Türk rejissoru ilə işləmək sizin üçün çətin deyil ki?

- Naci bəylə işləmək, inanın ki, mənə çox xoş idi. İş prosesindən zövq alırdım. Bəzi rejissorlar kinoda aktyora daxili sərbəstlik verməyi ondan öyrənsələr, çox gözəl olar. O mənə rol üzərində daxili sərbəstlik verməklə çox böyük dəstək oldu.

- Xəyallarınızdakı rol hansıdır?

- Xəyallarımdakı, sözün düzü, mənim qulağımda bir az qəribə səslənir (gülür). Hər bir rol xəyallarımdakı roldur, çünki aktyor plastilindir, nə rol versən, oynamalıdır. İstər əxlaqsız küçə qadını, istərsə də ömrünü balalarına qurban verən ana rolu. Bu rollar əks xarakterli rollardır, bu rolları oynamaq çox maraqlıdır.

- Şəxsi həyatınızdan nə danışa bilərsiniz?

- İnşallah, zamanı gələndə ailə həyatı quracam.

- Sənət adamı ilə ailə həyatı qurarsınızmı?

- Düzü, bəlkə də yox. Sual yaranır ki, niyə? Səbəbini elə də dəqiq bilmirəm, amma istəmərəm. Açığı, mən bu sahədə çalışsam da, daxilən və xaricən daha çərçivəli həyat tərzi keçirən insanam. Qismətdir, bəlkə də bir gün sənət adamı ilə ailə quracam.

- Gələcək həyat yoldaşınızda hansı xüsusiyyətləri görmək istərdiniz?

- Mənim həyatda bağışlamadığım yeganə şey yalan və diqqətsizlikdir. Doğruluq və diqqətcillik mütləq o insanda olmalıdır. Sevgi, hörmət də öz yerində.

- Bələdiyyə Teatrı yubiley tədbirlərinə hazırlaşır... Nə kimi  işlər gedir?

- Bizim teatrda hər zaman yaradıcılıq baxımından gözəl işlər gedir. Amma yubiley qabağı iş prosesi daha da gözəl olur. İnşallah, zamanla görərsiniz.

Əli Novruzəliyev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.