Facebook "Blackberry"ni satın alır

12 İyul 2012 16:34
Kanadanın "Research in Motion" (RIM) korporasiyası qənaət və ixtisarlar proqramını davam etdirir. "Blackberry" smartfonunun istehsalçısı sahib olduğu iki təyyarədən birini satmaq qərarına gəlib.

Milli.Az "Bloomberg"ə istinadən bildirir ki, 9 yerlik "Dassault Falcon 50EX" biznes cetini satmaqla korporasiya 6-7 milyon dollar əldə etmək, habelə təyyarənin işlədilməsi ilə bağlı 2,1 milyon dollara qənaət etmək niyyətindədir.

"F50EX" satılandan sonra RİM-də yalnız 14 nəfərlik "Dassault F900EX" qalacaq.
RİM korporasiyası 2008-ci ildən bəri dəyərinin 95 faizini itirib.
Şirkətin baş direktoru Torsten Heynsin dediyinə görə, qənaət və ixtisarlar proqramı vasitəsilə RİM 1 milyard dollar əldə etmək niyyətindədir. Şirkət 5 min əməkdaşını da işdən çıxaracaq.

Bu gün o da məlum olub ki, RİM-i məhv olmaqdan qurtara biləcək "Blackberry 10" smartfonları bu ilin sonunadək yox, 2013-cü ildə satışa çıxarılacaq.

RİM indi biznesini bir neçə şirkətə bölmək və smartfon istehsalı biznesini satmaq fikrindədir.
"Blackberry" smartfonlarının istehsalat müəssisələrinin potensial alıcıları arasında Facebook sosial şəbəkəsi də var.

Ekspertlər sosial şəbəkənin "Blackberry"ni satın alacağına şübhə etmirlər.

Milli.Az