Bu yolayrıcında hər gün axşam hərəkət iflic olur - Səbəb - FOTO

19 Fevral 2025 10:05

Binəqədi şosesi ilə Süleyman Sani Axundov küçəsinin kəsişdiyi yerdə nəqliyyatın hərəkətinin dəfələrlə iflic vəziyyətə düşməsi barədə məlumat vermişdik. Bir müddətdir universitetlərdə tətil olduğuna görə sözügedən yolda vəziyyət düzəlsə də, hazırda hərəkətdə olan avtomobillərin sayı artdığına görə yenə hər axşam sürücülər saatlarla tıxacda qalırlar.

Hər gün səhər və axşam saatlarında Bakının müəyyən küçə və prospektlərində sıxlıq yaransa da, Binəqədi şosesi ilə Süleyman Sani Axundov küçəsinin kəsişdiyi yerdə hər gün axşam 6-8 arası nəqliyyatın hərəkətində ciddi problemlər yaranır. Hətta, yolda elə bir vəziyyət yaranır ki, motosiklet və moped sürücüləri belə tıxacı "yara" bilmirlər.

Bu sıxlığın əsas səbəbi isə Süleyman Sani Axundov küçəsindən gələn avtomobillərin Azadlıq prospektindən gələn maşınlarının yoluna çıxıb, prospektdə geriyə dönmələridir. Belə ki, hər hansı yol nişanı və işıqfor olmadığından sürücülər bir-birinə yol vermək istəmədiyi üçün sözügedən ərazidə uzun tıxaclar yaranır.

Artıq uzun illərdir ki, sözügedən ərazidə axşam pik vaxtlarda kilometrlərlə sıxlıq yaranır, halbuki, adi bir "Qadağandır" nişanı və ya işıqforla məsələni həll etmək olar.

Qeyd edək ki, sözügedən yol Azadlıq prospekti ilə Bakının Biləcəri qəsəbəsi, Binəqədi qəsəbəsi, Novxanı kəndi, Mehdiabad, Digah, Fatmayi qəsəbələrini birləşdirir.

İslam
Milli.Az