2025-ci ilin dəbi necə olacaq? - Zəhra Poluxovadan AÇIQLAMA

17 Fevral 2025 11:11

"2025-ci ilin dəbi rahatlıq və praktiklik üzərində qurulacaq". 

Bunu Milli.Az-a açıqlamasında fashion dizayner Zəhra Poluxova deyib. 

Misirin Hurqada şəhərində keçirilən ənənəvi beynəlxalq "Miss Eco Teen International"da hakim qismində iştirak edən, Misir və ABŞ-dan olan partnyorları ilə yeni layihələr üzərində işləyən Zəhranın sözlərinə görə, bu il rahat geyimlər ön planda olacaq:

"Bu il rahatlıq ön planda olacaq. 2025-ci ilin modasında geniş, rahat paltarlar olacaq. Məsələn, geniş parça şalvarlar və bol, hündür bel paltarları həm qadın, həm kişilərdə populyar olacaq. Belə geyimlərdə hərəkət azadlığı təmin edilir və gündəlik həyatda çox rahatdır. 2025-ci ildə təbii rənglərə daha çox üstünlük veriləcək. Yaşılın müxtəlif tonları (əlavə olaraq qırmızı və qəhvəyi tonları da) əsas rənglərdən olacaq. Bu rənglər həm təbiəti, həm də rahatlığı simvollaşdırır.

Geyimlərdə parıltılı materiallar və aksessuarlar geniş yer tutacaq. Gümüşü, bəzəkli parçalar və parlaq aksesuarlar həm gündəlik, həm də gecə dəblərində diqqət çəkəcək. Bir çox dizaynerlər daha minimalistik yanaşmaya keçid edir, sadə və təravətli xətləri ilə tanınan geyimlər bu il dəbdə olacaq. Bəzi markalar sadə, lakin funksional dizaynlarla minimalistik tərzləri təklif edir. Moda trendləri artıq daha fərdi yanaşma ilə işlənir. Təsadüfi geyimlərdə belə özünü ifadə etmə və fərqli kombinlərlə öz üslubunu yaratmaq hər zaman dəbdə olacaq. Bütün bunlar, rahatlıqla şıklığı birləşdirən və gündəlik həyatla uyğunlaşan geyim seçimləri etməyin yaxşı olacağını göstərir".

Milli.Az