İnsanlıq tarixinin ən sirli və möhtəşəm arxeoloji tapıntılarından biri hesab edilən Göbekli Tepe təxminən 11.000 il əvvələ qədər uzanan tarixi ilə alimlərin maraq mərkəzindədir.
Milli.Az xəbər verir ki, arxeoloqlar tərəfindən aşkar edilən nəhəng daş sütunlar, insanlıq tarixində bəşəriyyətin mədəni inkişaf səviyyəsinə dair bildiklərimizi kökündən dəyişməkdədir.
Qədimlik baxımından piramidaları geridə qoyur
Göbekli Tepe karbon-14 (C14) analizinə əsasən Misir piramidaları və Stonehenge-dən minlərlə il daha qədimdir. Bölgədə yerləşən bəziləri 7 metr hündürlüyə və tonlarla ağırlığa malik olan daş sütunlar, tarixdə bu qədər erkən dövrdə belə mürəkkəb strukturların inşa olunduğunu sübut edir.
Naməlum bir sivilizasiyanın izləri
Ərazidə aparılan qazıntılar bu məkanı yüksək təşkilatlanma səviyyəsinə malik, ancaq hələ də kimliyi məlum olmayan bir sivilizasiyanın inşa etdiyini göstərir. Maraqlıdır ki, nə bu xalqın adı məlumdur, nə də onların özlərinə aid yazılı izləri aşkar olunub.
Əkinçilik yox, ovçuluq mədəniyyəti
Tapıntılar Göbekli Tepe sakinlərinin əkinçilik və heyvandarlıqla məşğul olmadığını, əksinə ovçuluq və yabanı bitkilərin toplanması ilə dolandıqlarını göstərir. Tapılan toxumlar yabanı, heyvan qalıqları isə yalnız vəhşi növlərə aiddir.
Məkanın məqsədi hələ də müəmmalıdır
Göbekli Tepe nə bir yaşayış məntəqəsi, nə də klassik anlamda dini məbəd kimi qəbul edilir. Ərazidə heç bir insan qalıqlarına, tanrı fiqurlarına və ya gündəlik yaşayış izlərinə rast gəlinməyib. Eyni zamanda bölgədə su mənbəyi də mövcud deyil ki, bu da uzunmüddətli yaşayış üçün əlverişli olmadığını göstərir.
Kosmik fəlakətin izləri?
Ərazidəki ən maraqlı elementlərdən biri də sütunlara həkk olunmuş ilan fiqurlarıdır. Tədqiqatçılar bu simvolların təxminən 12.000 il əvvəl baş vermiş və Yer kürəsində böyük dəyişikliklərə səbəb olmuş kosmik bir fəlakəti simvolizə etdiyini düşünürlər. Astrofiziklərin fikrincə, həmin dövrdə Yerə çırpılan böyük bir asteroid və ya quyruqlu ulduz dörd qitədə dağıntılara səbəb olmuş və Göbekli Tepe bu hadisəyə şahidlik edən bir abidə kimi inşa edilmiş ola bilər.
Cavabsız qalan suallar:
Bu sivilizasiyanın digər şəhərləri haradadır?
Onların sosial və mədəni həyatı necə idi?
Göbekli Tepe-ni inşa edənlər haradan gəlmişdilər?
Göbekli Tepe yalnız bəşər tarixinin erkən mərhələlərini deyil, böyük kosmik fəlakətlərin izlərini də daşıyan bir sirr qutusudur. Gələcək araşdırmalar bu qədim və sirli ərazinin qaranlıqda qalan tərəflərini üzə çıxararaq, tarixə yeni baxış gətirə bilər.
Kənan
Milli.Az