İlon Maskın "OpenAI" şirkətini almaq cəhdi uğursuzluğa düçar oldu

15 Fevral 2025 09:33

ABŞ-nin Hökumətin Səmərəliliyinin Artırılması İdarəsinin (DOGE) rəhbəri İlon Maskın "OpenAI" şirkətini almaq cəhdi uğursuzluğa düçar olub. Belə ki, "OpenAI" texnologiya korporasiyasının Direktorlar Şurası Mask tərəfindən şirkətin fəaliyyətinə nəzarət edən qeyri-kommersiya təşkilatını alma təklifinə rədd cavabı verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "OpenAI"nin "X"dəki səhifəsində dərc edilmiş bəyanatından məlum olub.

Şirkət bəyanatda qeyri-kommersiya missiyasına və ümumi süni intellektin (AGI) bütün bəşəriyyətə faydasını təmin etmək səylərinə sadiq qaldığını vurğulayıb. "OpenAI"dan həmçinin qeyd edilib ki, şirkətin hər hansı potensialının yenidən təşkili onun qeyri-kommersiya statusunu və məqsədlərini yalnız gücləndirəcək.

Xatırladaq ki, Mask investorlar konsorsiumuna müraciət edərək qeyri-kommersiya təşkilatına 97.4 milyard dollar almağı təklif edib. Fevralın 10-da Maskın vəkili Mark Toberoff "OpenAI"un Direktorlar Şurasına ərizə təqdim edib.

Maskın bu addımı "OpenAI" və onun rəhbəri Sem Altman ilə qarşıdurmasının davamıdır. "OpenAI"nin təsisçilərindən olan, lakin 2018-ci ildə direktorlar şurasını tərk edən Mask, şirkətin kommersiyalaşma və "Microsoft" ilə əməkdaşlıq kursuna qarşıdır.

Mask, 2015-ci ilin dekabrında Sem Altman, İlya Sutskever, Qreq Brokman və başqaları ilə birlikdə "OpenAI"nin təsisçilərindən biri olub. O, şirkətin Direktorlar Şurasından ayrılandan 5 il sonra - 2023-cü ilin yazında "OpenAI"nin birbaşa rəqibi olacağı hesab edilən "xAI" adlı öz süni intellekt startapını yaradıb.

Milli.Az