ABŞ-ın vitse-prezidenti JD Vance cümə axşamı bildirib ki, əgər Rusiya lideri Vladimir Putin Ukrayna ilə sülh sazişi bağlamaq üçün səmimi danışıqlar aparmazsa, Birləşmiş Ştatlar iqtisadi və hərbi təzyiq vasitələrini işə sala bilər.
Wall Street Journal qəzetinə danışan Vance vurğulayıb ki, ABŞ-ın Ukraynaya qoşun göndərmək variantı gündəmdədir və sülh sazişi Kiyevin uzunmüddətli müstəqilliyini təmin etməsə, iqtisadi cəza tədbirləri tətbiq oluna bilər.
"İqtisadi təzyiq vasitələri var, əlbəttə ki, hərbi təzyiq vasitələri də var," - deyə Vance bildirib.
Onun açıqlamaları Ağ Evdən gələn son bəyanatlardan fərqlənir. ABŞ prezidenti Donald Trump bu həftə Ukraynanın "gələcəkdə Rusiya torpağı ola biləcəyini" söyləyib və Putinlə telefon danışığından dərhal sonra sülh danışıqlarının başlanacağını elan edib.
Vance-in sözləri ABŞ-ın müdafiə naziri Pete Hegseth-in bəyanatları ilə də ziddiyyət təşkil edir. Hegseth bildirmişdi ki, ABŞ artıq Avropa və Ukraynanın təhlükəsizliyini prioritet hesab etmir. Bu həftə NATO müttəfiqlərinə müraciət edərək, Ukrayna ilə Rusiya arasındakı hər hansı razılaşmaya nəzarətin Avropa və qeyri-Avropa qoşunları tərəfindən həyata keçiriləcəyini, lakin Amerika hərbçilərinin bu prosesdə iştirak etməyəcəyini vurğulamışdı.
CNN Ağ Evdən rəsmi açıqlama almaq üçün müraciət edib.
Bu açıqlama Vance-in Almaniyada yüksək səviyyəli Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl yayımlanıb.
Münhenə gəldikdən sonra Vance NATO-nun ABŞ üçün hələ də əhəmiyyətli bir alyans olduğunu vurğulayıb.
"Avropa, əlbəttə ki, ABŞ üçün çox vacib bir müttəfiqdir, NATO isə çox mühüm hərbi alyansdır... Lakin biz NATO-nun gələcəyə uyğun şəkildə qurulmasını istəyirik. Bunun bir hissəsi odur ki, NATO Avropada daha çox məsuliyyət götürməlidir ki, ABŞ Şərqi Asiyadakı problemlərinə daha çox diqqət ayıra bilsin," - Vance NATO-nun baş katibi Mark Rutte ilə yanaşı jurnalistlərə açıqlama verərkən bildirib.
Lalə Qüdrətova
Milli.Az