Tıxac probleminin kökündən həlli - Dünya təcrübəsi...

14 Fevral 2025 10:10

Tıxaclar günümüzün ayrılmaz və stressli hissəsinə çevrilib. Artıq tıxac üçün xüsusi saat yoxdur, günün istənilən saatında yollar maşınla dolu olur. İnsanlar işdən daha çox yolda yorulurlar. Gün ərzində 8 saat saat işləyən insanın özünə qalan 8 saatın 2 saat, bəzən daha çoxu tıxaclara sərf olunur.

Tıxaclar əsasən nəqliyyatın həddindən artıq yüklənməsi, yol infrastrukturlarının yetərsizliyi, qəzalar, hava şəraiti, yol işləri və sürücü davranışları səbəbindən yaranır. Sıxlıq xüsusilə iş saatlarının başlanğıcı və sonu kimi pik vaxtlarda artır.

Yollarda avtomobil sayını azaltmaq üçün ictimai nəqliyyatın keyfiyyətini artırmaq, avtomobil paylaşımı xidmətlərini təşviq etmək və iş saatlarını fərqləndirmək kimi tədbirlər görülə bilər.

Məktəb universitetlərin tətil müddətində yolların boş olması sübut edir ki, yüklənmə daha çox universitetlərin şəhərin mərkəzində, məktəblərin yol qırağında yerləşməsi səbəbindən baş verir.

Sıxlığın yaranmasında əsas problemlərdən biri də nəqliyyatın həddindən artıq yüklənməsi, yəni avtomobillərin çoxluğudur. Avtomobillərin sayının azaldılması üçün benzinin və parklanmanın qiymətində dəyişikliklər edilməsi şəhərdə maşın sürənlərin sayının azalmasına xeyli təsir edib. Lakin, buna baxmayaraq yenə də tıxac problemi tam həll olunmayıb.

Tıxac problemini necə kökündən həll etmək olar?

Ekspertlər düşünür ki, ən önəmli tədbirlərdən biri də sürücülük vəsiqəsinin alınması qaydalarının çətinləşdirilməsi ola bilər. Belə ki, dünyada sürücülük vəsiqəsinin verilməsi müxtəlif ölkələrdə fərqli qaydalarla tənzimlənir, lakin ümumilikdə üç əsas mərhələ mövcuddur: nəzəri imtahan, praktiki sürücülük testi və tibbi yoxlama...

Avropa ölkələrində sürücülük vəsiqəsi almaq üçün namizədlər adətən nəzəri biliklər üzrə test verir, sonra isə xüsusi avtodromda və real yollarda sürücülük bacarıqlarını nümayiş etdirirlər. Məsələn, Almaniyada imtahan ciddi qaydalara əsaslanır və uğursuz olanlar yenidən hazırlaşmalıdır. İsveçdə isə sürücülər buzlu və sürüşkən yollarda test edilir.

ABŞ-də sürücülük vəsiqəsi ştatlara görə fərqli tələblərlə verilir. Adətən, namizədlər sürücülük məktəbində təhsil alır, yazılı imtahandan sonra isə təcrübə testindən keçirlər. 16 yaşdan etibarən gənclərə məhdudiyyətli vəsiqə verilə bilər ki, onlar müəyyən saatlarda və təcrübəli bir nəzarətçi ilə avtomobil idarə etsinlər.

Yaponiya və Cənubi Koreyada sürücülük imtahanları olduqca çətindir. Namizədlər rəsmi sürücülük məktəbində uzunmüddətli təhsil almalı və ciddi testlərdən keçməlidirlər. Yaponiyada testin praktiki hissəsində çox detallı qaydalar nəzərə alınır və kiçik səhvlər belə imtahandan kəsilməyə səbəb ola bilər.

Avstraliyada sürücülük vəsiqəsi mərhələli sistem əsasında verilir. Əvvəlcə namizəd müvəqqəti vəsiqə alır və müəyyən müddət ərzində təcrübə topladıqdan sonra tam sürücülük hüququ əldə edir.

Skandinaviya ölkələrində təhlükəsizlik ön planda tutulur və sürücülər ekstremal hava şəraitində avtomobili idarə etməyi öyrənirlər. Finlandiyada sürücülük vəsiqəsi almaq üçün namizəd buzlu yolda avtomobili idarə edə bilməlidir.

Ümumilikdə, dünyanın inkişaf etmiş ölkələrində sürücülük vəsiqəsi əldə etmək üçün ciddi nəzarət və çoxpilləli testlər tətbiq olunur ki, bu da yol təhlükəsizliyini artırmağa xidmət edir.

Sürücülük vəsiqəsinin alınması qaydalarının sərtləşdirilməsi nəinki avtomobil sürənlərin sayının azalmasına, hətta, yollarda təhlükəsizliyin təminatına da müsbət təsir göstərə bilər.

Qeyd edək ki, 2030-cu ilədək Bakıda tıxac probleminin həlli üçün əsaslı layihələr həyata keçirilir. Belə ki, Bakının bir sıra mərkəzi prospektlərindən əlavə yollar çəkiləcək, Pirşağı, Mehdiabad və Binəqədi rayonları ərazisindən keçən tramvay xətləri qurulacaq. Bundan əlavə iş saatlarının dəyişdirilməsi və universitetlərin köçürülməsi də planda var.

İslam
Milli.Az