Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edildi

13 Fevral 2025 20:01

Xəbər verildiyi kimi, bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Trend xəbər verir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.

O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.

O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu "humanitar məqsədli" pərdəsi altında fəaliyyət göstərən "Avrora" fondu, "Biz - dağlarımızıq" təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.

Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan "yerli özünümüdafiə dəstələri" adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin "VoMa" adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.

Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən "AKVA" şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.

Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün "Nemezis-2" terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.

İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Milli.Az