Modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin məhkəmə istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Milli.Az