Ötən gün Türkiyənin məşhur müğənnisi Ferdi Tayfurun 40 mərasimi İstanbul, Adana və Marmaris şəhərlərində keçirilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Eyüp Sultan" və "Barbaros Hayrettin Paşa" məscidlərində oxunan mövluda sənətçinin sevənləri böyük izdiham yaradıb. Mərasimdə Ferdi Tayfurun həyat yoldaşı Necla Nazır və övladları da iştirak ediblər.
Müğənninin qızı Tuğçe Tayfur jurnalistlərin vəsiyyətnamə ilə bağlı suallarını cavablandırmaqdan imtina edərək, "Bu gün yalnız dua edək. Xahiş edirəm!" deyə bildirib.
Ailənin yaxın dostu Timur Turanbayburt isə baş verənlərdən dolayı dərin kədər hissi keçirdiklərini bildirib. Necla Nazır isə mediaya açıqlama verməkdən imtina edərək "Bundan sonra mətbuatla hər şey bitdi. Allah razı olsun, hər kəsə təşəkkür edirəm. Nurlar içində yatsın" sözləri ilə çıxışını tamamlayıb.
Xatırladaq ki, Ferdi Tayfur bu ilin yanvarında qaraciyər və böyrək çatışmazlığından vəfat edib.
Milli.Az