Görüşlə bağlı köməkçilərinə dərhal tapşırıq veriblər

13 Fevral 2025 20:02

Məlum olduğu kimi, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında uzun müddətdir müzakirə edilən telefon danışığı baş tutub. Liderlərin söhbət zamanı şəxsi görüşlər məsələsini də müzakirə etdiyi deyilir.

Milli.Az "Kommersant"a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Trampın öz köməkçilərinə dərhal görüşlə bağlı işə başlamağı tapşırdığını açıqlayıb.

Onun sözlərinə görə, görüşün yeri və tarixi bundan sonra müəyyənləşdiriləcək.

Peskov, həmçinin Trampın Rusiyaya dəvət edilməsi məsələsinə aydınlıq gətirib. Bildirib ki, bu o demək deyil ki, ABŞ prezidenti 9 May-Qələbə Günü Moskvaya səfər edəcək. 

Qeyd edək ki, daha əvvəl telefon danışığı zamanı Putinin Trampı Moskvaya dəvət etdiyi deyilsə də, bir neçə saat sonra ABŞ lideri jurnalistlərə açıqlamasında rusiyalı həmkarı ilə görüşünün Səudiyyə Ərəbistanında ola biləcəyini söyləmişdi.

Xatırladaq ki, dünənki telefon danışığı Trampın Ağ Evə yenidən qayıtmasından sonra hər iki ölkə lideri arasında ilk rəsmi təmas olub./qafqazinfo.az

Milli.Az