ABŞ hərbi təyyarəsi qəzaya uğradı - FOTO

13 Fevral 2025 10:16

San Dieqo körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə çərşənbə günü səhər saat 10:15 radələrində baş verib. Xoşbəxtlikdən, hər iki pilot təhlükəsiz şəkildə katapult edərək xilas olub.

San Dieqo Yanğın-Xilasetmə Departamentinin məlumatına görə, təyyarə Dəniz Hava Stansiyasının Şimal Adası yaxınlığında, Shelter Island sahillərində suya düşüb. Hadisədən dərhal sonra pilotlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə hələ dəqiq məlumat yoxdur.

Qəzadan sonra ərazidə böyük yanacaq sızıntısı qeydə alınıb və sahil mühafizə qrupları dağıntıları toplamaq üçün işlərə başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə sürətlə enərək suya çırpılıb və dərhal patrul qayıqları qəza yerinə yaxınlaşıb.

NBC San Diego xəbər verir ki, pilotları yaxınlıqda olan çarter balıqçı gəmisi xilas edib. Gəmi heyəti pilotları sudan çıxaranda onların huşsuz vəziyyətdə olduğunu bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir. 

Fidan
Milli.Az