Sovet dövründə Bakı şəhərində bir çox filmlər çəkilib. Mövzuları Amerika ilə bağlı olan filmlərdə çəkiliş üçün əsasən Bakı şəhəri seçilib. Belə filmlərdən biri də dövrün fantastik filmlərindən biri olan "Amfibiya adam"dır.
Milli.Az axar.az-a istinadən bildirir ki, 1961-ci ildə ekranlara çıxan bu film qısa zamanda populyarlıq qazanmış, baş rolun ifaçıları - İxtiandır obrazını oynayan Vladimir Korenev və Guteyyere obrazını oynayan Anastasiya Vertinskaya bütün 15 respublikada tanınmış, sevilmişdir.
Filmin rejissorları Gennadi Kazanski və Vladimir Çebotaryov, operatoru Eduard Rozovski, bəstəkarı isə Andrey Petrovdur.
Filmdə bəstəkar Andrey Petrovun iki gözəl mahnısı ifa edilmişdir: sözləri şair Solomon Fogelsona məxsus "Dəniz şeytanı haqqında mahnı (Hey, dənizçi!)" və Yuli Druninin "Səyahət edən müğənninin mahnısı (Balıqçı gedir)".
Bəzi saytlar yazır ki, filmdə mahnını Leninqrad Malı Opera Teatrının solisti Artur Poçikovski ifa edib. Lakin burda yanlışlıq var. Mahnını oxuyan bakılı Elman Rəsulzadədir. Onun seçilməsi isə təsadüfü olub. Elmanın səsi rejissorun o qədər xoşuna gəlir ki, filmdə mahnını onun səsləndirməsini istəyir.
Film populyarlıq qazanır, aktyorlar hər yerdə tanınır, hər birinin həyatı uğurlu olur. Lakin mahnını ifa edən Elman Rəsulzadənin taleyi gətirmir.
1960-cı illərin əvvəllərində böyük karyera imkanları qazanan Elman Moskvaya növbəti filmdə mahnı ifa etmək üçün səfərə hazırlaşır. Səfərdən bir gün öncə şəhərdə dostu ilə gəzən Elman axşam evə qayıdan zaman küçədə bir neçə nəfərin gənc bir xanıma zorakılıq etdiyini görür. Yaxınlaşıb onları sakitləşdirmək istəyən zaman söz-söhbət böyüyür və dava edənlərdən birinin söyüşü ona pis təsir edir. Cibində olan bıçağı çıxardıb, onu vurur.
Hadisə yerinə gələn milis işçiləri onu həbs edirlər və məhkəmə bütün özünümüdafiə faktlarına baxmayaraq, gənc müğənnini həbsxanaya göndərir. Uzun müddət həbsdə qalan Elman Rəsulzadə burada ağır xəstəliyə - vərəmə yoluxur. Sağlıq durumu sürətlə pisləşdiyinə və şiddətli ağrılara görə həsbxana müdirinin vəkaləti ilə onu azad edirlər.
Ağır vərəm, ciyərlərin günü-gündən xarab olması, səsin batması onun səhnəyə geri qaytmasına imkan vermirdi. Lakin yaşamaq da lazım idi.
Ailə qurmur, bütün dostları və qohumlarından uzaq bir həyat yaşayır. Tikintilərdə və digər işlərdə fəhlə işləyir. Lakin ağır xəstəlik və iş rejimi onu daha da əldən salır və o, yataq xəstəsi olur. Elə vəziyyətə düşür ki, bir stəkan su içmək üçün ayaq üstə dura bilmir. Hətta yemək və dərman götürmək üçün gücü belə qalmır. İki gün aclıq və susuzluq içərisində yaşamağa məcbur olur.
İçərişəhərdə bir otaqlı mənzildə səsi eşidilməyən, həyatı balaca otaqda ağrılara davam edən Elman çıxış yolu kimi ölümü seçir.
Qonşular və milis işçiləri gələndə artıq gec idi. Səsi ilə filmdə məşhurlaşan, gələcəyi işıqlı olan bir müğənni alovlar içində yanıb kül olmuşdu. Özü də harda? "Amfibiya adam" filmi çəkilən İçərişəhərdə...
Milli.Az