Rusiya onu azad etdi - FOTO

12 Fevral 2025 07:52

Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Foqeli azad edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa istinadən məlumat yayıb.

ABŞ və Rusiya onun azad edilməsi barədə razılığa gəliblər. Amerika mediasında Foqelin azad oldunduqdan sonra təyyarədən çəkilən fotosu da yayılıb.

Foqelin ailəsi onun azadlığa buraxılmasına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Yayılan məlumatlara görə, keçmiş diplomatın azadlığa buraxılmasını Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmin edib. Belə ki, Tramp bir müddət əvvəl gizli şəkildə Vitkoffa öz vəzifələrini genişləndirməyi, Yaxın Şərqlə yanaşı, Rusiya ilə danışıqlar kanalının açılması üzərində işləməyi tapşırıb. Məlumata görə, Stiv Vitkoff Rusiyaya səfər edib və Foqellə birlikdə Rusiya hava məkanını tərk edib. 
Ətraflı

Buna baxmayaraq Vitkoffun hansı səlahiyyətlərə sahib olduğu və onların ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə rəsmi nümayəndəsi Keyt Kelloqun səlahiyyətlərindən nə ilə fərqlənəcəyi bəlli deyil.

ABŞ lideri Tramp isə Foqelin azad edilməsinin ölkələr arasında münasibətlərə və Ukraynadakı münaqişənin həllinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib. Həmçinin Foqel ABŞ-yə gələn kimi Tramp onu Ağ Evdə qəbul edəcək.

Onu da bildirək ki, Rusiya tərəfi Stiv Vitkoffun səfəri ilə bağlı məlumatı təsdiqləməmişdi.

Xatırladaq ki, ABŞ-nin Moskvadakı səfirliyinin keçmiş əməkdaşı Mark Foqel 2021-ci il avqustun 15-i Moskvanın "Şeremetyevo" hava limanında saxlanılıb. Diplomat Moskvaya Nyu-Yorkdan həyat yoldaşı ilə uçub. Foqelin saxlanılmasına səbəb isə xidməti itlərin diplomatın baqajına verdiyi reaksiya olub. Axtarış zamanı Foqelin baqajından marixuana və həşiş yağı aşkar olunub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Amerikalı diplomat saxlanıldığı zaman səfirliyin əməkdaşı olmayıb. O, Moskvada müəllim olaraq çalışıb.

Milli.Az