Lunyov bu səbəbdən "Qarabağ"dan gedibmiş

11 Fevral 2025 15:00

"Qarabağ" mənə qalmağı təklif edirdi".

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bunu hazırda "Dinamo Moskva" klubunda çıxış edən "Qarabağ"ın sabiq rusiyalı qolkiperi sport24.ru saytına müsahibəsində deyib.

"Məni orada hər şey qane edirdi. Bakı superşəhərdir, çox rahatdır. Mən orada sevinc hissi ilə qalardım. Oğlumun bu il beş yaşı tamam oldu, məktəbə az qalıb, hazırlıqlar başlayır. Artıq daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt idi. Ona görə də mən doğma Moskvaya qayıtdım. Burada uşağın inkişafı üçün imkanlar xeyli çoxdur".

Lunyov "Bayer"dən "Qarabağ"a keçidini də xatırlayıb: "Almaniyada oynayanda Türkiyədən də variantlar var idi. Amma həmin vaxt "Bayer" rəhbərliyi mənə güvəndiklərini və buraxmaq istəmədiklərini dedi. Nəticədə yaxşı forma yığdım. Sonradan bir neçə dəfə zədələndim. Başa düşürdüm ki, nələrisə dəyişmək lazımdır. Yayda müqaviləm başa çatdı və "Qarabağ"a keçdim".

Lunyov Ağdam klubunu seçməsinə də aydınlıq gətirib: "Qarabağ" çempionatda hegemondur. Müntəzəm olaraq avrokuboklarda oynayır. Bu da mənim üçün ən önəmlisi idi. Həmin vaxt Türkiyə klublarının yarısı mənimlə maraqlanırdı. Amma heç biri ilə konkret danışıqlar yox idi. Ən sanballısı "Fatih Karagümrük" idi. Mən də keçidin əleyhinə deyildim. Amma məşqçilər korpusunda dəyişikliklər oldu. Klub da mənim zədəmə görə narahat idi. Təklif etdilər ki, maaşsız müqavilə imzalayım və hər oyun üçün ödəniş etsinlər. Lap həvəskarlar liqasında olduğu kimi idi. Məni qane etmədi və imtina qərarı verdim. Kipr "Apollon"u variantı da var idi. Məni toplanışda gözləyirdilər və biletimi göndərəcəkdilər. Amma onlardan səs-səmir çıxmırdı. Bu anda "Qarabağ" peyda oldu. Onda məni "Rostov" da istəyirdi. Amma millinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Azərbaycan variantımın olduğunu biləndə, getməyimi məsləhət gördü".

Lunyov "Rostov"a getməməsini də izah edib: "Onları Sergey Pesyakov tam qane edirdi. Məni onunla rəqabət üçün istəyirdilər. Belə şərtlərdə "Qarabağ" üstün görünürdü. Yekunda da qərarıma peşman olmadım. Azərbaycanda mövsüm çox əla alındı".

Qeyd edək ki, Lunyov 2023/24 mövsümündə formasını geyindiyi "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub, Avropa Liqasında 1/8 finala qədər irəliləyib.

Milli.Az