Sevil Mikayılova və Soltan Məmmədov BMT-də keçiriləcək parlament dinləmələrində iştirak edəcəklər

8 Fevral 2025 12:11

Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcəkdir.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət" mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaqdır.

Deputatların Nyu-Yorka səfəri fevralın 16-da başa çatacaq.

Milli.Az