"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə MÜSAHİBƏ - FOTO

9 Fevral 2025 11:30

Moda dünyası daim yenilənir və hər mövsüm yeni trendlərlə bizi təəccübləndirir. Bu dəyişikliklərin mərkəzində isə yaradıcı dizaynerlər dayanır. Bugünkü müsahibimiz isə məhz bu sahədə özünəməxsus tərzi ilə seçilən, innovativ yanaşmaları ilə moda aləminə yeni nəfəs gətirən Zəhar Poluxovadır. Gənc dizayner Misirin Hurqada şəhərində keçirilən ənənəvi beynəlxalq "Miss Eco Teen International"da hakim qismində iştirak edib. Hazırda isə Misir və ABŞ-dan olan partnyorları ilə yeni layihələr üzərində işləyir. Müsahibimin yaşı az olmasına baxmayaraq moda sahəsində kifayət qədər tanınır və moda sənayesində öz imzasını qoymağı bacarıb.

Zəhra xanım bu yaxınlarda Bakıda keçirilən qala gecəsinə dəvət edilib. O, "Top Model of Azerbaijan 2024" gözəllik müsabiqəsində münsif kürsüsündə əyləşərək final mərasimində iştirak edib.

Milli.Az olaraq onunla modaya baxışı, ilham mənbələri və gələcək planları haqqında söhbətləşdik.

- Bəzən dizaynerlər yalnız kommersiya məqsədli kolleksiyalar yaradır. Amma bilirik ki, sizin işlərinizdə daha çox sənətə üstünlük verilir. Bununla bağlı fikirlərinizi bölüşərdiniz.

- Çox maraqlı, bədii paltar tikməyi çox sevirəm və əlbəttə ki, sonda kifayət qədər pul qazanmaq istəyirəm. Amma eyni zamanda başqalarına kömək etməyi də unutmuram. Bəli, mən gözəl bir evə sahib olmaq və öz ailəmə yaxşı baxmaq istəyirəm, eyni zamanda da valideynlərimə, dostlarıma və ehtiyacı olan insanlara kömək etmək istəyirəm. Mən elə bir vəziyyətdə olmaq istəyirəm ki, kimsə məndən kömək istəsə, onlara kömək edə bilim. Kimisə pis vəziyyətdə görəndə özümü yaxşı hiss etmirəm, digər insanları bir-birinə daha mehriban olmağa, bu dünyaya xoşbəxtlik gətirməyə və bir-birinin qayğısına qalmağa təşviq etmək istəyirəm. Bəli, pul vacibdir, amma onu qazanarkən yaxşı şeylər edə bilmirsinizsə, onu qazanmağın heç bir mənası yoxdur.

- Moda sənayesində qadınlar üçün müəyyən gözəllik standartları mövcuddur. Sizcə, bu standartlar dəyişməlidir, yoxsa hər kəs öz stilini yarada bilər? Bu mövzuda cəsarətli qərarlar verdiyiniz olubmu?

- Məncə, ümumiyyətlə, insanlar paltarlarını nümayiş etdirmək üçün çox incə və gözəl modellər seçməyə meyllidirlər və mən hiss edirəm ki, sənayenin əksəriyyətində bu yanaşma var. Qətiliklə düşünürəm ki, bu dəyişməlidir. Əlbəttə ki, bu modellərə mütləq ehtiyacımız var və onlar çox vacibdir, lakin insanlar böyük bədənlilər üçün istiqamətlənmiş sənayeni unutmağa meyillidirlər. Mən qeyri-sağlam həyat tərzini təbliğ etmirəm, amma insanlar özlərini gözəl hiss etməli və mütəmadi olaraq özləri üçün gözəl paltarlar tapa bilməlidirlər. İnsanlar arıqlamağa və kökəlməyə meyllidirlər. Düşünürəm ki, belə hallar çox olur, lakin biz özümüzə uyğun və gözəl görünən paltarları tapa bilmirik. Müəyyən yerlərdə ticarət mərkəzlərini gəzirdim və mənə uyğun gələn heç nə tapa bilmirdim. Buna görə də özüm üçün paltar dizayn etməyi qərara aldım.

- Bir çox dizaynerlər qlobal moda həftələrində yalnız yüksək moda göstərməyi hədəfləyirlər. Amma bəzən sadə və rahat paltarların gözəlliyini diqqətdən qaçırırlar. Sizcə, gündəlik həyatda rahatlıq və funksionallıq daha vacib deyilmi?

- Mənə elə gəlir ki, siz həm dəbli, həm də rahat paltarlara sahib ola bilərsiniz. Sadəcə parça, detallar və bazara görə onları hazırlamaq daha baha başa gəlir. Rahat paltarlar daha böyük ölçülü və ya yumşaq parça (ipək və yun kimi) olur. Mənə elə gəlir ki, hər bir dizayner və ya mağaza, əgər kimsə fərqli geyimə sahib olmaq istəyirsə, fərdi dizayn təklif etməlidir. Amma təbii ki, bizə sadə geyim lazımdır. Kim bahalı geyimlə məşqə gedəcək, yoxsa evdədirsə, bahalı paltar geyinəcək? Bir çox insanın öz işlərini görmək üçün sadə paltarlara ehtiyacı var və bəzi insanlar, hətta bahalı paltar geyinməyə utanırlar, buna görə də daha sadə paltarlara üstünlük verirlər. Hətta bəzi insanlara işlərinə daha sadə paltarlar geyindirmək lazımdır ki, işləyə bilsinlər. Amma bu o demək deyil ki, biz daha az yaradıcı olmalıyıq, həm dəbli geyimləri, həm də sadə paltarları həyatımızda birləşdirə və ürəyimiz istədiyi kimi geyinə bilərik.

- Bəzən dizaynerlər, xüsusən də məşhur marka nümayəndələri, çox gözəl kolleksiyalar yaradırlar, amma heç vaxt cəmiyyətin real ehtiyaclarını nəzərə almırlar. Bəs sizcə, moda həm də sosial məsuliyyət daşımalıdır? Yoxsa bu, yalnız sənət olmalıdır?

- Sosial məsələləri dəbə daxil etmək bəzən çətin ola bilər, lakin məsələn, əgər hər şeyi diqqətlə və incə icra etsəniz, onları daxil edə bilərsiniz. Məsələn, dünya sülhü ideyası kimi. Gələcəkdə belə bir sahədə işlər görməyi düşünürdüm. Amma çox qəliz sosial məsələlərdən kənarda qalmaq daha yaxşıdır. Sosial məsələləri həll etməyin başqa yolları da var və bu, xüsusilə dəb təbiətinə görə brendlər üçün çoxlu mübahisələr yarada bilər.

- Moda dünyasında öz stilinizi tapmaq çox çətindir, xüsusilə sosial media çağında. İzləyicilərinizin tələbləri və gözləntiləri ilə öz yaradıcılığınız arasında hansı balansı tapmağa çalışırsınız?

- Maraqlıdır ki, mənim üslubum insanların indiki vaxtda geyinməyi xoşladıqları üsluba bənzəyir, bu, kostyum və geyilə bilən bir geyimin qarışığı kimidir və mənə elə gəlir ki, öz stilimizi tapmaq heç vaxt belə asan olmayıb. Bir dizayner kimi mümkün qədər çox bilik almaq əla bir fikirdir və sosial media bunu çox asanlaşdırıb. Nə qədər çox qavrasanız, yaradıcılığınız bir o qədər inkişaf edər. Mənim yaradıcılığım həmçinin də çox səyahət etməkdən və bu zaman çoxlu təəssüratlar almaqdan, xüsusən də Gürcüstanda, Afrika qitəsində - Cənubi Afrikada, Latın Amerikasında - Braziliyada və Türkiyədə boya çatmağımdan yaranıb.

- Bəzi dizaynerlər özləri haqqında "əfsanə" yaratmağa çalışır və ya fərqli persona formalaşdırırlar. Sizcə, dizaynerin öz "məşhurluğunu" yaratması sənətinin təbiətinə necə təsir edir? Əgər belə bir şey etməsəniz, yetərincə tanınmazsınız?

- Düzünü desəm, insanın öz kolleksiyalarını satmaq üçün dizayner kimi imicə malik olması fikrini bəyənmirəm. Hamımız insanıq, səhv edirik, problemlər yaradırıq və hamımız fərqliyik. Məşhur yazıçının (Paulo Koelo) oxuduğum bu gözəl sitatı var: "Mükəmməl insanlar içki içməz, yalan danışmaz, səhv etməz və... sadəcə mövcud deyil". Bu sitat ürəyimə toxunur, çünki həqiqət budur ki, biz bir insanı fiziki gördükdə və onunla görüşəndə qiymətləndirməliyik. Düşünmürəm ki, kimsə insan olduğu üçün həyatda öz imicini itirməli deyil. Bu, indiki vaxtda dizaynerlərin üzləşdiyi problemdir və bu mənə gülməli gəlir, çünki dizaynerlər artist kimidirlər və insanlar artistləri dizaynerlərlə müqayisədə daha məqbul hesab edirlər.

- Moda sənayesi hər zaman "yeni trend"lərin yaranmasını gözləyir. Sizcə, bu "trend təqibçisi" olma vəziyyəti daha çox sənətə zərər verirmi? Yoxsa, moda dünyası hər zaman təkrarlanan dövr və trendlərdən ibarət olmalıdır?

- Mənə elə gəlir ki, trend modada davamlılıq kimi gözəl əxlaqa malikdirsə, ona əməl etmək yaxşı bir yoldur. Lakin sosial media bəzi xoşagəlməz tendensiyaları da üzə çıxara bilər. Əsas odur ki, özünüzü nəyin doğru və nəyin yanlış olduğunu öyrədəsiniz. Ancaq, dəbli bir şey geyinmək mütləq deyil. Bilirsiniz, adətən mən geyindiyim paltarla güzgüyə baxanda və ya başqasının geyindiyini görəndə onu görmək istəyirəm ki, bu mənim gözümə toxunur, gözəllik ürəyimə yatır, yaxud çox dəbsizlik hissi verir.

- Moda sənayesində bəzən çox kəskin sosial şəbəkə reaksiyaları yaranır. Məsələn, bəzi kolleksiyalar dərhal tənqid edilir və ya bəzən "skandal" yaradır. Sizcə, bu cür tənqidlər dizaynerləri doğru istiqamətə yönəldirmi, yoxsa sadəcə sərhədsiz bir mədəniyyətin bir hissəsidir?

- Moda məktəbimdə mənə həmişə yaradıcılığım ilə bağlı tənqidi ürəyə salmamağa öyrədirdilər. Yaxşı dizayner öz işində və ya sənətində aldıqları tənqidi qəbul edərək özünü təkmilləşdirəcək. Başqa insanların fikrini dinləmədən gözəl moda yarada bilməzsən, çünki sonda paltarı özünə deyil, başqalarına satırsan.

- Hər bir dizaynerin "məşhur olmaq" kimi bir arzusu ola bilər, amma sizcə, bir zamanlar bu "məşhurluq" bir sənətkarın işinə necə təsir edir? Kolleksiyalarınızda daha çox təbii və səmimi olmaq istəyirsiniz, yoxsa populyar olmaq üçün müəyyən sosial mövzulara toxunmaq?

- Düşünmürəm ki, dizaynerlərin yaradıcılığına təsir edən şöhrət deyil. Sənayedə olmağınızdan bir müddət sonra, məşhurlaşdığınız zaman ideyalarınız tükənməyə başlayır və bu da işinizə təsir edə bilər. Buna görə, şirkətlər adətən son mərhələdə gənc dizaynerlərlə işləməyə meyllidirlər. Düzünü desəm, həm sosial məsələlərə toxunmaq, həm də səmimi olmaq istəyirəm. Başqalarına kömək etməyi xoşlayıram və bu mənim təbiətimdir.

- Moda dünyasında bəzən yüksək qiymətlər, lüks materiallar və unikal dizaynlar şişirdilir. Belə bir biznesdə etikaya necə yanaşırsınız? Sizcə, yüksək moda dünyasında daha "açıq" və "ədalətli" yanaşmalar olmalıdır?

- Bunu demək çətindir, çünki paltarın qiymətinə şirkət və onun böyüklüyü təsir edir. Bəlkə insanlar aksesuar və ya geyimlərində daha davamlılıq nümayiş etdirsəydilər bu daha ucuz olardı. Yaxud biz dizaynerlər yaratdıqlarımızdan qalıq materialları götürərək (yeri gəlmişkən, mən bunu edirəm) daha ucuz sənət əsərləri, suvenirlər və aksesuarlar yarada bilərik (əgər bunu artıq etməyirsinizsə) və bu da pul qazanmağın başqa bir yolu ola bilər. Yadımdadır ki, bu il Misirdə keçirilən Qahirə Beynəlxalq Kitab Sərgisində Azərbaycan stendinə bir kitab və güllər ilə dolu bir vaza qoymuşdum. Onların hamısını qalıq parçalardan, materiallardan düzəltmişdim. Və ya daha sadə bir yol, daha ucuz paltar kolleksiyası yaratmaq olar, çantalar, şərflər və sair kimi. Azərbaycanda (ölkəmizdə) COP 29 keçirilib, bu da o deməkdir ki, biz tullantıların idarə olunmasına daha çox diqqət yetirməliyik.

- Sizcə, yalnız yüksək moda dizaynerlərinin və markaların böyük bir auditoriyaya çatma şansı var, yoxsa başqa dizaynerlər də kütləvi bazara çıxa bilər? Moda dünyasında bəzən böyük "imperiyalar" yaradan şəxslərin hegemonluğu haqqında nə düşünürsünüz?

- Əlbəttə ki, hazırda bazara daxil olan, böyüyən bir çox davamlı və yavaş-yavaş böyüyən dizaynerlər var. Brendinizi inkişaf etdirmək üçün vaxt lazımdır və mən bunu nəzərə alıram. Fərdlərə gəlincə, mən sizinlə səmimi olacağam: bəzilərini tanıyıram və onlar çox, çox mehriban insanlardır. Məsələn, "Miss Eco Teen International" təşkilatında birlikdə işlədiyim insanlardan biri (rəhbəri) mənə qarşı çox mehriban idi. O, karyeramda ilk addımlarımı atmağıma kömək etdi və eyni zamanda o da mənim kimi davamlılığı sevir. Liderlik məsələsinə gəlincə, onlar adətən çox zəhmətkeş və öz sahələrində savadlı insanlardır.

- Moda sənayesi çox zaman insanların xarici görünüşünü üzərindən təhlil edir, amma daxili gözəllik və fərqliliklər haqqında az danışılır. Bəs sizin işlərinizdə bu balansı necə saxlayırsınız?

- Zahirən gözəl olmaqla bərabər daxilən gözəl olmaq da vacibdir. Müsbət və mehriban şəxsiyyətləri olan insanları görməyi sevirəm. Azərbaycanda da, Misirdə də belə insanlara çox rast gəlirəm. Bu ölkələrdəki belə gözəl və yardımsevər insanların çoxunu öz dostlarım adlandırdığım üçün çox xoşbəxtəm. Amma siz haqlısınız, moda sənayesi şəxsiyyətlər və onların gözəlliyi haqqında daha çox danışmalıdır. Buna bir az çox diqqət yetirsək, daha faydalı olardı, lakin bəzi fiziki görünüşlər olmadan dəb, dəb deyil.

Xatırladaq ki, Zəhra Poluxova Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun qızıdır. E. Poluxov 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri olub. Daha sonra Braziliya, Ekvador, Mozambik və digər ölkələrdə səfir kimi fəaliyyət göstərib.

Xəyal Abdullayev
Milli.Az