USAID Gürcüstandan da QOVULUR?

7 Fevral 2025 19:59

Azərbaycan Xarici İşlər Nazirliyinin USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə ABŞ tərəfinə rəsmi bildiriş göndərməsindən sonra Gürcüstan da USAID-i vəziyyəti sabitsizləşdirən təşkilatları maliyyələşdirməkdə ittiham edib.

Gürcüstanlı politoloq, Terrorizm və Problemlərin Araşdırılması Mərkəzinin sədri Badri Naçkebia Oxu.Az-a açıqlamasında bildirib ki, Gürcüstan hakimiyyəti ölkədə sabitliyi pozan qeyri-hökumət təşkilatlarına qarşı çox fəal tədbirlər görür:

"Bu təşkilatlar müxalif qüvvələrə, siyasi partiyalara və digər radikal şəxslərə maliyyə resursu ayıran Qərb fondlarıdır. Onların məqsədi Gürcüstanda inqilabi prosesi gücləndirməkdir".

Onun sözlərinə görə, adətən, belə aksiyaların arxasında Qərbdən maliyyə alan qeyri-hökumət təşkilatları və siyasi qüvvələr dayanır:

"USAID kimi bir çox təşkilatlar da bu qəbildəndir. Bu proses ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Gürcüstandakı nümayəndəliyi tərəfindən idarə olunur. Bildiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın özü bu təşkilatın fəaliyyətinə xitam verir. Çünki USAID Amerika Birləşmiş Ştatlarında az qala hər şeyə nəzarət edir. Ona görə də hesab edirəm ki, artıq amerikalıların özlərinin, daha doğrusu, Trampın başçılıq etdiyi yeni ABŞ administrasiyasının etdiyi kimi, Gürcüstan da USAID-in fəaliyyətini ləğv etmək məcburiyyətində qalıb, çətinə düşməyəcək. Çünki təşkilat, onsuz da, fəaliyyətini dayandıracaq".

"Bu baxımdan, Qərbdən maliyyələşən müxalifətə, eləcə də USAID kimi digər fondlara qarşı tətbiq edilən sərt tədbirlər bütün qaydalara uyğundur və burada heç bir qanunazid addım yoxdur. Gürcüstan özü haqqında müstəqil qərar vermək hüququna malikdir", - deyə ekspert əlavə edib.

Milli.Az