1980-ci illərdə İngiltərənin ən varlı şəxslərindən biri olan məşhur kiprli iş adamı Asil Nadir 83 yaşında vəfat edib.
Milli.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, Asil Nadirin son illərdə tənəffüs problemləri səbəbindən tez-tez xəstəxanaya müraciət etdiyi bildirilir. O, uzun sürən müalicələrə baxmayaraq, fevralın 6-da dünyasını dəyişib.
Qeyd edək ki, Asil Nadir 1941-ci ildə Kiprin Lefkə şəhərində anadan olub. 1961-ci ildə ailəsi Londona köçəndə o, İstanbul Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. Daha sonra təhsilini yarımçıq qoyaraq iş dünyasına atılıb və Londonda yerləşən Wear Well geyim şirkətini satın alıb.
İş dünyasında uğurlu karyera quran Nadir, 1980-ci illərdə Sunday Times qəzeti tərəfindən dünyanın ən varlı insanları arasında 11-ci yerə layiq görülüb. O, Türkiyədə də tanınmış iş adamlarından biri olub və 1988-ci ildə "Günaydın" qəzetini alaraq Türkiyə mediasına investisiya qoymağa başlayıb. Daha sonra "Günəş", "Tan" qəzetləri və "Nokta" jurnalını da alıb.
Tanınmış iş adamının vəfatı iş dünyasında dərin kədərlə qarşılanıb.
Fidan
Milli.Az