Pensiya alanların NƏZƏRİNƏ: Artımlar belə hesablanacaq

6 Fevral 2025 10:30

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamla bütün pensiyalar indeksləşdirilərək artırıldı.Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır.

Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, artımın hesablanması formulası belədir:

"Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat X 8.1% = 44.55. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq.Və ya, 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat X 8.1 % = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni, məbləğindən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq.
Qeyd edək ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".

Milli.Az