Qazaxıstanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Mərkəzi Asiyadakı fəaliyyətinin araşdırılması təklif olunub.
Trend xəbər verir ki, bu haqda Qazaxıstanın Azərbaycan əsilli millət vəkili Məhərrəm Məhərrəmov təklif irəli sürüb.
"Son günlər USAID-in, ABŞ beynəlxalq inkişaf agentliyinin fəaliyyətli ilə bağlı yeni-yeni şok təfərrüatlar öyrənirik. Ağ Evin rəsmi bəyanatında bildirilir ki, USAID onillər ərzində, sitat - "zərərli" layihələrin maliyyələşdirilməsi ilə məşğul olub. Rəsmi şəxslər, məsələn, İlon Mask və hətta prezidenti Donald Tramp USAID-i azğın radikallar tərəfindən idarəolunan cinayətkar təşkilat adlandırıb. Ağ Evin rəsmi bəyanatlarında konkret olaraq bildirilir ki, USAİD agentliyi bütün fəaliyyəti dövründə vergiödəyicilərinə qarşı hesabatlılıq baxımından şəffaf olmayıb və absurd və zərərli layihələrə iri məbləğlərdə pullar ayırıb",- deyə o bildirib.
Məhərrəmov xarici sponsorların ayırdığı maliyyə vəsaitləri, həmçinin onların kim tərəfindən qəbul olunduğu və hara xərcləndiyi barədə auditin keçirilməsi və hesabatların dərc olunmasına dair Qazaxıstanın Ədliyyə və İqtisadiyyat nazirliklərinə göndərilən deputat sorğusunu səsləndirib.
"Cəmiyyətdə bu istiqamətdə ciddi tələb var. Eyni zamanda hesab edirik ki, Ədliyyə Nazirliyi və ümumilikdə hökumət uşaqlarımızın belə zərərli sponsor layihələrindən qorunmasını, onların psixo-emosional, mental və fiziki təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlamalıdır", - deyə deputat əlavə edib.
Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hal-hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyətini azaltmış olacaq.
Milli.Az