Amerikalı musiqiçi və radio aparıcısı Salvatore "Sal" Maida 77 yaşında dünyasını dəyişib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, o, Sparks və Roxy Music qruplarının üzvü olub, eyni zamanda Milk 'N' Cookies, The Runaways, Ronnie Spector və digər sənətçilərlə əməkdaşlıq edib.
Sənətçinin ölümü uğursuz yıxılmadan sonra yaranan fəsadlarla bağlıdır. Bu barədə The Hollywood Reporterə onun həyat yoldaşı məlumat verib. Sal Maida şənbə günü doğulduğu Nyu-York şəhərində dünyasını dəyişib.
1948-ci ildə Manhettendə anadan olan Sal Maida iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Musiqi karyerasına başlamazdan əvvəl Londonda səsyazma mağazasında işləyib və burada Roxy Music qrupunun təbilçisi Pol Tompson ilə tanış olub. 1973-cü ildə "Stranded" turnesi zamanı bu qrupa qoşularaq böyük tanınma qazanıb.
2014-cü ildə sənətçi öz xatirələrini kitab şəklində nəşr edib.
Qeyd edək ki, Sal Maidanın oğlu Dilan 2019-cu ilin dekabrında melanomadan vəfat edib.
Fidan
Milli.Az