Yunus Oğuz
Ordan-burdan silsiləsindən
Birinci hissəni buradan oxuya bilərsiniz:
https://olaylar.az/news/medeniyyet/579984
Keçən dəfə "Məzələnmək" felyetonu işıq üzü görəndən sonra mənə o qədər SMS gəldi ki, az qaldı başımı itirim. Özü də xahiş edirlər ki, bunu yazında hökmən verərsən. Ay canlarım, sizin içinizdə nələr varmış? Özü də elə məzələnirlər ki, sanki anadan məzhəkəci doğulublar. Düz də edirlər, bu qarışan fani dünyada nə etməlidirlər? Dünya qarışıb, milyardlar toplayanlar düşüblər ortalığa, gah dünyanı virusla silkələyirlər, gah müharibələrlə, gah da susuzluqla qorxudurlar. Sən də məzələnməsən, ya cibindəki maaş kartı ilə insult alacaqsan, ya da infarkt. İndi də Tramp ortalığa çıxıb dünyanı çörəklə hədələyir. Amma, o İlon Mask nə dedi USAİD haqqında: "Gürzə yuvası". O məzələnmədi, amma həqiqəti məzə ilə dedi. Deyəsən, o da bizimkilərdəndir.
Bu karbon vergisini çox vaxtında tətbiq ediblər, çünki Kanadada bunun tətbiqini insan üzərində çoxdan işləyiblər. Nəfəs alırsansa, deməli karbon qazı buraxırsan, vergisini ver. Tramp da bu qərardan hirslənib Kanadanı əlli birinci ştata çevirmək istəyir.
Bəs nə bilmişdiniz, indi heç nə havayı deyil, nəfəs alırsansa, başgicəlləndirən zərərli qazlar ifraz edirsənsə, vergisini ver. Bu səbəbdən, Ermənistanda hamı qaçır ora-bura, harada bunun vergisi yoxdur. Kanadanın yerinə olsaydım, cəviz (qoz) ağaclarına da vergi tətbiq edərdim, çünki o da karbon qazını havaya buraxır. Özü də onun vergisini natura yolu ilə, yəni meyvəsilə tutardım.
Bizdə yaxşı mənada, ildə iki dəfə ağacəkmə kampaniyası keçirilir, ölkə yaşıllaşır. Ancaq elə yerlər var ki, bu kampaniyadan para silirlər. Elə Tağıyev qəsəbəsinin qoşayol qırağında ildə altı-yeddi min şam ağacı əkirlər. İki aydan sonra əksəriyyəti quruyur. Bir ağıllı adam çıxıb demir ki, buranın torpağı şam üçün deyil, ya da bura su damcısı tətbiq edin. Yoxsa ildə iki dəfə iki yüz adamı tökürsünüz yolun qırağına ki, bəs əkin. Əh...h...h...
Bakıdan səhər-səhər neft iyi gəlir, axşam kabab iyi, hər ikisindən karbon vergisi almaq lazımdır. Onsuz da ətin və yumurtanın, həm də neftin qiyməti qalxır. Nəyin qiyməti qalxmır ki? Keçən həftə otuz qəpiyə aldığım yumurta bu həftə qırx beş qəpiyədir. Başa düşmürəm e, toyuq xoruzdan boşanıb deyə, alimentini bizdən alırlar.
Biz hər şeyə hər zad qoşanıq, özü də bunu ustalıqla edirik.
Azərbaycan yeganə ölkədir ki, həkimlər Hippokrat yerinə balasının canına and içir: "Balam ölsün!"
Azərbaycanda yeganə kişi qatıq satandır ki, hər səhər qapını döyüb sənin arvadını soruşur. Sən də "evdədir" deyib, gedirsən işə. İlk sözü belədir: "Bacı evdədi?"
Azərbaycana gələn almaniyalı şok keçirib. O, iyirmi il əvvəl metallaloma verdiyi maşını Bakıda küçədə sürülən vəziyyətdə görüb. Bu maşın Bakıya necə gəlib sualı, başqa mövzudur, bizdən inciyən olar.
Məsciddə tacik ilə azərbaycanlı dua edərkən yerlimiz tacikin Allahdan 1000 dollar istədiyini eşidir. O insanlıq naminə çıxardıb tacikə 500 verir. Tacik yenə Tanrıya dua edib deyir: "Gözəl Allah, bir də pulu azərbaycanlı ilə göndərmə, o yarısını özünə saxlayır".
Koreyada oğru tutan robot düzəldirlər. O, İtaliyada hər iyirmi dəqiqəyə 300, Polşada 250, Amerikada 150 oğru tutur. Azərbaycanda iyirmi dəqiqəyə robotun özünü oğurladılar.
Biri o birisinə deyir: "Şeytanın hünəri var, məni o dünyada müdafiə etməsin. Bu dünyada nə deyibsə eləmişəm".
Bütün bunlar havaya atılan sözlər deyil. Bizimkilər heç kimin xəbəri olmadan gözdən tük çəkir, yumurtadan yun qırxır, dovşanı araba ilə tuturlar. Sonra da arabanı müsadirə edirlər ki, bəs sən dovşanı niyə tutdun? Sən demə, dovşan ev dovşanı imiş.
Bir məmur birisinin işini həll etməyəndə deyir ki, heç eybi yoxdur: "Dəvədən böyük fil var", yəni gedəcəm yuxarılara şikayət edəcəm. Doğrudan, a, bizdə fil olmaya-olmaya ən məşhur sözlərimiz "fil"lə bağlıdır.
1. Konsertə getdiyimiz yer - Filarmoniya.
2. İsrafilin suru, ya da o kinodakı film kimi "İsrafil, qonaqlar gəlib".
3. Ağıllı insan - filosof
4. Yaşıl insan - xlorofil
5. Çiçək növü - qərənfil
6. Dilçiyə - filoloq
7. Gicbəsərə - filfilo deyirlər.
8. Fillərin ən çox yaşadığı ölkə - Filippin
9. Ağlı olmayan - səfil
10. Sosial şəbəkələrdə - profil.
Deyəsən fillər də bizimlə məzələnirlər.
O gün polis maşını saxlayıb, məni görən kimi salam verdi, kitab istədi. Bir kitab verdim. Kitabı o üz, bu üzə çevirib soruşdu: "Müəllim, təzədir?" Dedim ki, rəhmətliyin oğlu, kitab sənin üçün indi kəsilən quzu ətidir, yoxsa balıq? Kitabı oxumamısansa, deməli təzədir.
Ən çox məzələnmək ailə məsələsində olur.
Korona dönəmində bir nəfərə SMS gəlir ki, arvadınız işlədiyinə görə sizə 190 manat düşmür. Bu da qüsurlu olduğu üçün evlənməyib. İndi də əl çəkmir ki, 190 manat istəmirəm, arvadımı verin.
Sonra da arvad ərindən soruşur:
-Biz evlənəndən sonra heç depressiyaya düşmüsən?
Kişi cavab verir:
-Yox, elə o vaxtdan düşdüyümdür, hələ də davam edir.
Daha sonra isə qadın deyir:
-Əzizim, sabah evliliyimizin ildönümüdür. Bəlkə bir qoç kəsək.
Kişi deyir:
-Qoçun günahı nə, bizi korona tanış edib, gəl onu kəsək.
Bu da son. Arvad ərindən ayrılmaq üçün məhkəməyə müraciət edir. Hakim soruşur:
-Ərinizdən ayrılmağa səbəb nədir?
-Dini baxışlarımız uyğun gəlmir.
-Nə mənada?
-O, mənim mələk olmağımla razılaşmır.
İndi şeytan hamı ilə məzələnir və göstəriş verir ki, siz də bir-birinizlə məzələnin, yoxsa həyat maraqsız olar. Hamınız ölüb getsəniz, mənim işim bitmiş olar, bu da mənə ölümdən betərdir.
Di salamat qalın, duzunuz, məzəniz bitməsin!
Milli.Az