Bakıda "Karat" qızıl satışı mağazasından qızıl oğurlayaraq qaçan şəxsə hökm oxunub.
Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Belə ki, 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş S.Fərhad 10 aprel 2024-cü il tarxində "Karat" qızıl satışı mağazasına müştəri kimi daxil olub. 3-4 saat mağazada qızılların şəkilini çəkib, guya yaxınlarına göndərdiyini bildirib.
Sonuncu dəfə mağazaya daxil olaraq piştaxtanın üstündə qalmış 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük, 4 ədəd qızıl sırğa, 10 ədəd briliant ağşəffaf qaşları olan gümüşü rəngli metaldan olan deformasiyalı üzüyü götürərək mağazadan qaçıb.
Təqsirləndirilən şəxs ərazidə olan taksi sürücüsünün avtomobilinə minib. O, sürücünü əlindəki bıçaq və çəkiclə hədələyərək, təcili sürməsini tələb edib. Taksi sürücüsü Fərhada güc tətbiq edərək əlindəki bıçaq və çəkici alıb. Daha sonra polislər hadisə yerinə yaxınlaşaraq, Fərhadı saxlayıblar.
Məhkəmənin qərarı ilə Fərhad Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilərək, 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib./qaynarinfo.az
Milli.Az