Son həftələrdə Azərbaycan və İran arasında münasibətlərin yeni dinamikası müşahidə olunur. Yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərindən sonra Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən həftə İranda səfərdə olub və bir sıra mühüm görüşlər keçirib.
O, İran Prezidenti Məsud Pezeşkian, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian, İran Prezidentinin müşaviri Mehdi Sənayi və digər rəsmi şəxslərlə müzakirələr aparıb.
Görüşlərdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanıb. Həmçinin, Araz çayı boyunca yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və su elektrik stansiyalarının tikintisi layihələri gündəmə gətirilib.
Hikmət Hacıyev Mehdi Sənayi ilə görüşdə bildirib ki, Azərbaycanın İran üçün heç bir təhdid yaratmaq niyyəti yoxdur. Bu mövqe rəsmi Bakının qonşu ölkələrlə əlaqələrini konstruktiv əsasda qurduğunu bir daha nümayiş etdirir. İran Prezidenti Məsud Pezeşkianla görüş zamanı Hikmət Hacıyev Prezident İlham Əliyevin salamlarını və İrana rəsmi səfərə dəvətini çatdırıb.
Qarşılıqlı səfərlərdən əvvəl İranın bir sıra müsbət addımları müşahidə edilib. Tehran Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını təsdiqləyib, İranda həbsdə olan azərbaycanlı tələbəni təhvil verib, həmçinin Azərbaycana qarşı danışan Qəzvinin imam cüməsini istefaya məcbur edib. Ekspertlər bu addımları və qarşılıqlı səfərləri İranın Azərbaycanla münasibətlərini bərpa etmək istəməsi kimi şərh edib.
Milli.Az xəbər verir ki, modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, İranla Azərbaycanın qonşu dövlətlər olduğu nəzərə alınmalıdır:
"Uzun illər iki ölkə arasında mədəni, siyasi əlaqələr mövcud olub. Bizi birləşdirilən ortaq dəyərlər var. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, "3+3" formatında sıx əməkdaşlıq edilir. Dövlət maraqlarımızdan biri də İranla əlaqələri gücləndirmək istiqamətində addımlar atmaqdır. Düzdür, bizim İranla heç də həmişə əlaqələrimiz yüksək səviyyədə olmayıb. İranın Ermənistanı dəstəkləməsi, İran rəsmilərinin Azərbaycana qarşı zaman-zaman çıxışları, əyalət mollarının zaman-zaman bizə qarşı səsləndirdiyi fikirlər, ittiham, səfirliyimizə məqsədli şəkildə hücum edilməsi, hücumçunun hələ də cəzalandırılmaması,Azərbaycan vətəndaşının həbs olunması yaxın tarixdə baş verən hadisələrdir. Amma 2020-ci ildə Prezident İlham Əliyev əlini Xudafərin körpüsünə uzadaraq İrana demişdi ki, buna dostluq körpüsü kimi baxırıq.
Azərbaycan İranla əlaqələrimizin inkişafı və gücləndirilməsində maraqlıdır. Bu gün münasibətlərin bu məcrada inkişafı önəmlidir. Biz İrana deyirik ki, qonşuluq münasibətlərinin davam etdirilməsində maraqlıyıq, siz də Azərbaycanın həyata keçirdiyi siyasətə, mövqelərimizə hörmətlə yanaşmağa çalışmalısınız. Əvvəlki dövrdə İran qonşuluq prinsipinə zidd çox addımlar atıb. İranla danışıqlardan sonra səfirliyimizi bu ölkədə açdıq. Hikmət Hacıyev İrana səfər etdi. Bundan qabaq Şahin Mustafayev səfər etdi. Bu biz bölgədə qonşu dövlətlər kimi yaşmaqda maraqlıyıq. Bölgədə baş verən proseslər onu tələb edir ki, münasibətlərimizi inkişafı çox önəmlidir. Çalışmalıyıq ki, əlaqələrimizi gücləndirək. Ümid edirik ki, İran da bunu nəzərə alaraq, növbəti mərhələdə eyni yanlışları təkrarlamayacaq. Zaman-zaman münasubətlərin yaxşılaşdığını, daha sonra İran tərəfindən bir addımla münasibətlər gərginləşdiyini görmüşük. Bu səfərdən sonra bizim əlaqələrimiz daha da güclənəcək. İran-Azərbaycan münasibətləri, əlaqələri xoş münasibət mərhələsinə keçəcək".
Deputat söyləyib ki, bu gündən sonra İranın bu addımları bir daha atmayacağını və İran mollalarının Azərbaycana dil uzatmayacağını və onların uzanan dillərinin də elə İranın özü tərəfindən kəsiləcəyinə ümid edirik:
"Əyalət molları İranda çox böyük nüfuza malik şəxslərdir. İranda ikili hakimiyyəıt var: Ali Dini Lider aparatı və bir də Prezident Adminstrasiyası, amma bunların içində ən güclü olanı Ali Dini Liderdir və bu şəxslər hansılar ki, zaman-zaman Azərbaycana dil uzadırlar, Azərbaycan barədə hansısa fikirləri söyləyirlər, elə-belə şəxslər deyil. Bunlar dövlətin dilindən danışan insanlardır. Bu yaxınlarda Qəzvin bölgəsinin imam cüməsi vəzifəsindən azad olundu. Bilirsiniz ki, bu açıqlamalar Azərbaycan tərəfindən çox kəskin qarşılandı. Biz ümid edirik ki, bu gündən sonra İran bu addımları bir daha atmayacaq, İranın mollaları Azərbaycana dil uzatmayacaq və onların uzanan dilləri də elə İranın özü tərəfindən kəsiləcək. Əvvəllər münasibətlər normallaşdı, sonra yenidən İran münasibətləri gərginləşdirdi. İran bilməlidir ki, bu cür addımlarla bizə qarşı heç nə edə bilməyəcək və ona görə də əyalət mollalarına deyilməlidir ki, onlar bu hərəkətlərə son qoysunlar. Xüsusi ilə də Ərdəbil imam cüməsinə xüsusi ilə demək lazımdır ki, bu cür məsələləri yığışdırsın və Azərbayacana qarşı bu cür fikirləri səsləndirməkdən çəkinsin. Əgər bu olacaqsa, münasibətlər normallaşacaq. Əgər olmayacaqsa, bundan
ən çox əziyyət çəkən İrandır. İran anlasın ki, onun vəziyyəti o qədər də yaxşı deyil və bu səbəbdən diqqətli olmalıdır".
Ceyhun Məmmədov iki ölkə arasında parlamentlərarası əlaqələrdə gözləntilərdən də danışıb:
"Ümumiyyətlə bizim parlament rəhbərləri arasında hörmətli Sahibə xanım da, İran parlament sədri arasında müxtəlif görüşlər olub və keçən dönəmlərdə hətta Sahibə xanımın yanında da səfərdə olmuşdu və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı çərçivəsində Azərbaycanda keçirilən səfərlər çərçivəsində iki ölkənin parlament sədrləri arasında görüşlər olubdur. Nəzərə alsaq ki, biz qonşu dövlətik və orada bizim çoxlu sayda soydaşımız yaşayır, ortaq dəyər və ənənələri bölüşür, o mənada əlbəttə ki, Azərbaycan dövləti parlament səviyyəsində də əlaqələrin inkişafında maraqlıdır, amma bu qarşılıqlı hörmət prinsipi əsasında olacaq. İndi biz cənab prezidentin köməkçisi Hikmət Hacıyevin səfərindən sonra deyə bilərik ki, bu gün İran-Azərbaycan əlaqələrində yeni bir səhifə açılır. Artıq proses necə olacaq, bu İranın özündən aslıdır. Əgər İran verdiyi vədlərə və sözlərə əməl edərsə, təbii ki, biz parlament səviyyəsində və digər strukturlar səviyyəsində də münasibətərimizi və əlaqələrimizi inkişaf etdirəcəyik. Burada qarşılıqlı hörmət və prinsiplər olmalıdır, onların əsasında Azərbaycan əməkdaşlığını davam etdirməyə hazırdır. Biz inanırıq və ümid edirik ki, İran Azərbaycanın jestini anlayacaq və nəzərə alacaq. Növbəti dövrdə də bizim parlament səviyyəsində əlaqələrimiz inkişaf edəcək. Bilirsiniz ki, parlamentdə İran-Azərbaycan dostluq qrupu var, onun da həm rəhbəri, həm də üzvləri peşəkar, uzun müddət Milli Məclisdə deputat olmuş şəxslərdir, yəni bu münasibətləri bilən insanlardır".
Milli.Az