Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa İttifaqı (Aİ) müdafiə sahəsində qitə mənşəli avadanlıqlara sərmayə qoymaqla öz strateji muxtariyyətini əldə etməlidir. O, ABŞ-ın Aİ-yə qarşı ticarət siyasətinə cavab olaraq, Avropanın kommersiya maraqlarına hücum edilərsə, ona hörmət edilməsini təmin edəcəyini bildirib.
Milli.Az xəbər verir ki, Makron bu fikirləri Brüsseldə Aİ liderlərinin ilk müdafiə sammiti öncəsi səsləndirib.
Makron bildirib ki, Covid-19 pandemiyası, Rusiyanın Ukraynaya hücumu və Donald Tramp administrasiyasının yeni ticarət siyasəti Aİ üçün strateji müstəqilliyin daha vacib olduğunu göstərib.
ABŞ-ın mümkün gömrük rüsumları artımına toxunan Makron vurğulayıb ki, Avropa bu təzyiqlərə qarşı iqtisadi və müdafiə baxımından daha güclü və vahid olmalıdır.
O, Aİ-nin müdafiə sənayesinə qoyulan sərmayələrin Avropa mənşəli olmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Aİ-yə üzv 27 ölkənin liderləri Brüsseldə Avropanın müdafiə siyasətini müzakirə etmək üçün bir araya gəliblər.Aİ Şurasının yeni sədri Antonio Kostanın rəhbərlik etdiyi sammitdə Avropanın təhlükəsizliyi və ABŞ ilə münasibətləri əsas mövzulardan biri olub.
Fidan
Milli.Az