Unun satış qiyməti artdı

3 Fevral 2025 14:30

Azərbaycanda unun topdansatışı ilə məşğul olan "ATS MİLL" MMC qiymətləri artırıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət unun topdansatış qiymətini 0,1 manat artırıb.

Belə ki, istehsalçı şirkət hazırda 50 kq-lıq un kisəsini 27,20 manata təklif edir. Bu günədək isə 50 kq-lıq un kisəsinin satış qiyməti 27,10 manat təşkil edirdi.

Fevralın 3-nə olan məlumata görə, digər un istehsalçıları isə topdansatış qiymətini dəyişməyib. 

Qeyd edək ki, fevral ayının 1-dən etibarən marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunmağa başlayıb.

Milli.Az