Azərbaycanın ilk generallarından biri

11 İyul 2012 11:57
Məlum olduğu kimi, hələ keçmiş çar Rusiyası zamanında yetişən ilk hərbçilərimiz ölkədən uzaqlarda hərbi xidmət göstərmiş, yalnız istefaya çıxdıqdan sonra ana torpaqlara dönmək imkanı qazanmışlar. Azərbaycan mətbuatının qaranquşu "Əkinçi" qəzetinin 26 may 1877-ci il tarixli sayındakı "Təzə xəbərlər" bölməsində məşhur bir hərbçimiz haqqında belə məlumat verilib: "Badikübə (Bakı) quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub".

Qəzetdə gedən bu məlumatdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri təyin edilmişdir.

Talışxanov fəaliyyəti müddətində cəsur hərbçi və məharətli sərkərdə kimi tanınmış, öz xidmətlərinə görə yüksək mükafatlar qazanmışdır. O, 1889-cu ildə 2-ci dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuş və "İgidliyə görə" yazılmış qızıl qılıncla mükafatlandırılmışdır.

Azərbaycanın görkəmli hərbçilərindən biri Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışxanov 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olmuşdur. O, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Hərbi rütbəsi general-mayor olduğundan, xalq arasında onu "Yaranal xan" və ya "Yaranal Miri bəy" deyə çağırıblar. Talışxanov hərbçiliklə bərabər, mədəniyyət və ictimai fikir tariximizdə xeyriyyəçi, dilçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə zabit rütbəsində xidmətə başlamışdır. 1847-ci ilin fevralında o, podpraporşik, mart ayında portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi almışdır. Görkəmli hərbçi 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, oradakı nümunəvi xidmətinə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir.

Talışxanov 1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Gərgin döyüşlərdə göstərdiyi xidmətlərə və cəsurluğa görə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur. O, 1858-ci ildə də 3-cü dərəcəli, 1871-ci ildə isə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülmüşdür. Qorxmaz döyüşçü 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlmiş və müxtəlif medallarla təltif olunmuşdur.

Mir İbrahim bəy 1885-ci ildə Tiflisdə istefaya çıxıb, doğulduğu Lənkəran şəhərinə qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbərnamə" əsərində general Mir İbrahim bəydən söz açır, onu "məşhur general Miri bəy" kimi təqdim edir. Tədqiqatçı alimlərin yazdığına görə, Mir İbrahim bəy Talış xanı Mir Mustafa xanın nəvələrindəndir.

Tarixi mənbələrdə yazılanlar

Tanınmış etnoqraf, tarixçi, folklorşünas, məşhur Qori seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov (1862-1937) 1885-ci ilin sentyabrında yazdığı "Talış xanlığının tarixi" adlı əsərində general Mir İbrahim bəy Talışxanovdən bəhs etmişdir. O cümlədən, şair-tədqiqatçı Mirhəşim Talışlı ilə dosent Böyükağa Hüseynbalaoğlu da birgə yazdıqları "Lənkəran" adlı kitablarında Mir İbrahim bəyi Lənkəran generalları sırasında göstərmişlər.

Başqa bir mənbədə, Mirzə İsmayıl Qasirin nəvəsi İshaq Axundov "Xatirələrimdə yaşayan Lənkəran" adlı kitabında yazır: "İbrahim bəy Talışxanov Böyük Bazarda məscidin yanında təkyə tikdirmişdi. Öləndə vəsiyyətinə görə həmin təkyənin altında dəfn edilmişdir. Məscid bu yaxınlarda bərpa edilərkən həmin təkyə sökülmüş, altından İbrahim bəyin sümükləri, şaşkası, xəncəri və başqa əşyaları çıxmışdır".

"Vikipedia"nın yazdığına görə, Mir İbrahim bəy Talışxanovnin başqa həmkarlarından önəmli bir fərqi də onun böyük xeyriyyəçi olmasında idi. Arxiv sənədlərində göstərilir ki,  Mir İbrahim bəy 1883-cü ildə Lənkəran məktəbinə mebel almaq üçün 203 manat məbləğində ianə vermişdir. Sənəddə həm də qeyd olunur ki, Mir İbrahim bəyin Talışxanov soyadı, Talışinski soyadı ilə əvəzlənir.

Nüfuzlu hərbçinin Lənkəran ziyalıları arasında çoxlu dostları var idi. Onun ən yaxın dostlarından biri Lənkəranda fəaliyyət göstərən "Fövcül-fusəha" (Natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri, 19-cu əsrin görkəmli maarifçi-şairi Mirzə İsmayil Qasir olmuşdur. Mir İbrahim bəy Qasirə Lənkəranda məktəb açmaq üçün ilkin maddi yardım göstərmişdir. M.İ.Qasir də generala bir neçə şeir həsr etmiş, onu vəfalı bir dost kimi tərifləmişdir.

O dövrün yazılı mənbələrinə görə, Mir İbrahim bəy sərrast atıcı olmuş, ov ovlamağı çox sevmişdir. Mir İbrahim bəy o vaxt gənc müəllim olan T.Bayraməlibəyovla indiki Cil, Şağlaser, Boladi və Camışavan tərəflərinə ova çıxarmış. T.Bayraməlibəyov yazır ki, Mir İbrahim bəy çox gözəl ovçu və quşu gözündən vuran mahir atıcı idi, ümumiyyətlə, Talış xanlarının nəslindən olan hər kəs mahir atıcı idi.

Elmi yaradıcılıq fəaliyyəti

Mir İbrahim bəy talış, fars, türk, rus, ərəb dillərini mükəmməl bilmiş və elmi yaradıcılıqla da məşğul olmuşdur. Talışxanov görkəmli rus şərqşünası, akademik B.A.Dornun (1805-1881) sifarişi və köməyi ilə ilk dəfə olaraq "Rusca-talışca lüğət" tərtib etmişdi. Müasirlərinin olduqca yüksək qiymətləndirdiyi bu lüğət o vaxt müəyyən çətinliklər üzündən çap olunmamış, saxlanmaq üçün Peterburq Elmlər Akademiyasının Asiya muzeyinə verilmişdir.

"Talış xanlığının tarixi" əsərinin müəllifi T.Bayraməlibəyovun qeyd etdiyinə görə, bu əsərin hazırlanmasında, Talış xanlığının tarixinə dair faktların dəqiqləşdirilməsində general Mir İbrahim bəy ona yaxından kömək etmişdir.

Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Mir İbrahim bəy nəinki hərb, dil, ədəbiyyat, eləcə də Azərbaycan tarixinə mükəmməl bələd olan əsl bir ziyalı şəxsiyyət olmuşdur.

Yuxarıda qeyd olunduğu kimi, istefaya çıxıb doğma şəhərinə döndükdən sonra Mir İbrahim bəy Lənkəranda ona məxsus təsərrüfat sahəsinə rəhbərlik etmiş və yüksək növ keyfiyyətli çəltik yetişdirmişdir. 1887-ci ildə Xarkov sərgisinə Lənkəran qəzasından 9 növ çəltik nümunəsi göndərilmişdir. Yüksək keyfiyyətli çəltik növlərinə görə Mir İbrahim bəy Talışxanov sərgidə üçüncü yeri tutub, bürünc medalla təltif olunmuşdu.

General-mayor Mir İbrahim bəy 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi "Yaranal xan təkyəsi"ndə dəfn olunmuşdur.

Mir İbrahim bəy əmisi Hacı Mir Abbas xanın qızı Zəhrabəyim xanım ilə ailə qurmuşdu. Onların 5 qızı olmuşdur: Leylabəyim xanım, Fəxrəndəbəyim xanım, Ruqiyyəbəyim xanım, Gülsümbəyim xanım və Ağabəyim xanım.

"Azadlıq"