“Murovdağ” Magellan boğazından keçən ilk Azərbaycan yük gəmisi kimi tarixə düşüb

3 Fevral 2025 12:21

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Murovdağ" quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub. Bu hadisəylə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.

Milli.Az bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.

Bildirilib ki, Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan "Handysize" tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.

Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.

ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci "Handysize" tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan "Murovdağ" bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.

Milli.Az