Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi

3 Fevral 2025 11:22

Kanadanın xarici işlər naziri Melani Joli yenidən erməni lobbisinin ruporu kimi çıxış edərək, Azərbaycan əleyhinə absurd bir bəyanatla gündəmə gəlib. O, Azərbaycana qarşı ağır hərbi cinayətlərdə ittiham olunan erməni vətəndaşlarının "qeyri-şərtsiz azad edilməsi" və ermənilərin Qarabağa "təhlükəsiz qayıdışı" ilə bağlı çağırış edib. Kanadadakı Erməni Milli Komitəsi vasitəsilə yayımlanan bu bəyanat rəsmi Ottavanın diplomatiyasının necə ikili standartlar bataqlığında boğulduğunu və təhrif olunmuş "ədalət" anlayışını Azərbaycana sırımağa çalışdığını açıq şəkildə göstərir.

M.Joli Kanadadakı Erməni Milli Komitəsinə ünvanladığı məktubunda qondarma "Arsax"da ermənilərin "hüquqlarının qorunması" ilə bağlı "narahatlığını" ifadə edib. Xatırladaq ki, "Arsax" kəlməsi mifdir, uydurmadır və bu kəlmənin coğrafi məkan adı kimi beynəlxalq hüquqda heç bir hüquqi əsası yoxdur.

Qarabağ Azərbaycandır - Ottava bunu həddən ziyadə gec də olsa, çətinlik çəksə də, dərk etmək məcburiyyətindədir.

Kanadanın hər hansı başqa ifadə tərzini qəbul etdirməyə çalışması Azərbaycanın suverenliyinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı açıq-aşkar hörmətsizlikdir.

M.Joli guya Azərbaycanın "aqressiv ritorikası"nı qınayaraq, separatçı rejimin keçmiş liderlərinin azad olunmasını tələb edib. Bu şəxslər - Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan və Ruben Vardanyan - heç bir halda "siyasi məhbus" deyillər. Onlar işğal olunmuş Azərbaycan ərazilərində etnik təmizləmələr, kütləvi qətllər və terror aktlarında ittiham olunurlar.

Azərbaycan hüquqi dövlət olaraq məhkəmə proseslərini milli qanunvericilik və beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirir. İttiham olunan şəxslərə müdafiə və ədalətli məhkəmə təmin edilir. M.Jolinin "qondarma məhkəmə prosesləri" haqqında iddiaları isə yalnız siyasi məqsədlər güdən, Azərbaycanın ədliyyə sisteminin nüfuzuna kölgə salmağa yönəlmiş yalanlardan ibarətdir.

Üstəlik, M.Joli ATƏT-in Minsk Qrupunun formatında danışıqların bərpasını dəstəkləyir. Halonki sözügedən qurum 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra faktiki olaraq fəaliyyətini dayandırıb, tarixin zibilliyinə atılıb.

Azərbaycan və Ermənistan bu gün səmərəli vasitəçilərə ehtiyac duymadan birbaşa danışıqlar aparırlar. İllər boyu fəaliyyətsizliyi və riyakarlığı ilə yadda qalan vasitəçilərin işi yalnız vaxt uzatmaq və münaqişəni siyasi manipulyasiya alətinə çevirmək olub.

Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, ittiham olunan şəxslərin taleyi qanunlara əsasən həll olunacaq və xarici siyasətçilərin, diaspora lobbilərinin sifarişli bəyanatları bu prosesə təsir edə bilməz. Köhnəlmiş danışıqlar formatlarını diriltmək və ya suveren dövlətə təzyiq göstərmək cəhdləri uğursuzluğa məhkumdur.

Bakı Kanadaya israrlı şəkildə Cənubi Qafqazla bağlı siyasətini yenidən nəzərdən keçirməyi və beynəlxalq hüquq institutlarına etimadı sarsıdan ikili standartlar siyasətindən imtina etməyi tövsiyə edir. Azərbaycan regionda sülh və sabitliyə sadiqdir, lakin heç vaxt kənar müdaxiləyə dözməyəcək.

Melani Jolinin bəyanatları sadəcə diplomatik səhv deyil. Bu, Qərb diplomatiyasının dərin mənəvi tənəzzülünün göstəricisidir. İnsan hüquqları kimi ali dəyərlər artıq siyasi maraqları pərdələmək üçün alətə çevrilib. Kanadanın diplomatiyası faktiki olaraq erməni lobbisinin ruporuna dönüb, tarixi faktları və erməni hərbi cinayətkarlarının törətdiyi əsl cinayətləri görməzlikdən gəlir.

Azərbaycan heç kimin diktəsinə boyun əyməyəcək. Qarabağ - Azərbaycan olub, Azərbaycandır və Azərbaycan olaraq da qalacaq. Heç bir riyakar bəyanat, heç bir imzalanmış məktub bu həqiqəti dəyişə bilməz. Bu, təkcə tarixi fakt deyil, həm də beynəlxalq hüququn ayrılmaz bir prinsipidir.

M.Jolinin ATƏT-in Minsk Qrupu formatında Qarabağ münaqişəsinin həllinə qayıtmaq çağırışları sadəcə məntiqi deyil, həm də sağlam düşüncəyə ziddir. Bu qurum 2020-ci ildən bəri diplomatik cəhətdən "ölü"dür. Bakı və İrəvan onun rəsmi şəkildə ləğvi üzərində işləyirlər. Səbəb sadədir: bu format illərlə səmərəsiz fəaliyyəti və qeyri-səmimi yanaşması ilə münaqişəni sülh yolu ilə həll etmək əvəzinə, onu siyasi alətə çevirmişdi.

Kanadanın məqsədi ədalət axtarmaq deyil. Burada əsas məsələ erməni lobbisinin maraqlarına xidmət etməkdir. Kanadadakı erməni diasporası yerli siyasətə təsir gücünə sahibdir və siyasi manevrlər üçün daim imkanlar axtarır. Melani Joli və onun həmkarları üçün bu, sadəcə daxili siyasi xallar qazanmaq üçün fürsətdir - obyektivlik və diplomatik dürüstlük isə ikinci plandadır.

Bu, Kanadanın diplomatiyasını riyakar ikili standartlar bataqlığında boğan əsas səbəbdir. Lakin Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək.

Kanada "erməni hərbi əsirləri və girovlarının dərhal azad edilməsi" tələbi ilə pafoslu bəyanatlar verir.

Fəqət, gəlin, hər şeyi olduğu kimi adlandıraq. Söhbət "hərbi əsirlərdən" yox, Azərbaycan xalqına qarşı ağır cinayətlərdə - hərbi cinayətlərdə, etnik təmizləmə aktlarında və terror fəaliyyətlərində ittiham olunan şəxslərdən gedir. Onlar arasında separatçı rejimin keçmiş liderləri - Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və digərləri var. Bu şəxslər qurban yox, azərbaycanlı dinc əhalinin məhv edilməsini təşkil edən və ona rəhbərlik edən cəlladlardır.

İronik olan odur ki, özünü "insan hüquqlarının müdafiəçisi" kimi təqdim edən Kanada faktiki olaraq Qarabağda etnik təmizləmə, kütləvi qətllər və mədəni irsin məhvinə görə məsuliyyət daşıyan şəxslərin azad edilməsini tələb edir. Bu, sadəcə ikili standartlar deyil - beynəlxalq hüququn üzünə atılmış açıq-aşkar bir təhqirdir.

Xüsusi ikrah doğuran məsələ isə Jolinin "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət" çağırışıdır. Baxın - bu çağırış 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayan, azərbaycanlıların hüquqlarını pozan və etnik təmizləmələr həyata keçirən Ermənistana qarşı bir dəfə də olsun sərt mövqe sərgiləməyən bir ölkənin nümayəndəsi tərəfindən edilir. Kanada bütün bu illər ərzində harada idi? İnsan hüquqları və ərazi bütövlüyü ilə bağlı haray-həşirləri niyə eşidilmirdi?

Melani Joli utanmadan "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyindən" danışır. Bəs bu "hörmət" harada idi ki, Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın 20%-dən çox ərazisini işğal altında saxladı? Niyə o vaxt Ottavanın milyonlarla azərbaycanlının evlərindən didərgin salınması və onların hüquqlarının pozulması ilə bağlı bircə ciddi bəyanatı belə eşidilmədi? Niyə Kanada o zaman susurdu, sanki heç nə baş vermirdi?

Kanada heç vaxt Ermənistanın təcavüzünü qınayan sərt və prinsipial bəyanat verməyib. Amma Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən kimi, Ottava "ermənilərin hüquqları" və "sərhədlərə hörmət" kimi mövzuları xatırlamağa başladı. Bu, Qərbin klassik ikiüzlülüyünün ən bariz nümunəsidir.

Bu absurdun başqa bir epizodu isə guya "erməni mədəni irsinin qorunması" ilə bağlı yalançı narahatlıqdır. Yadınıza salaq ki, Ermənistanın işğalı illərində yüzlərlə Azərbaycan tarixi abidəsi, məscidlər və mədəni irs nümunələri sistematik şəkildə dağıdılıb. Qarabağda 60-dan çox məscid təhqir olunaraq anbar, tövlə və hətta donuz fermasına çevrilmişdi. Bəs o vaxt Kanada harada idi? Niyə Melani Joli Ermənistanın bu barbarlığına qarşı bir dəfə olsun etiraz etmədi?

Bu gün Azərbaycan həmin dağıdılmış müqəddəs abidələri bərpa edir, tarixi-mədəni irsimizin yenidən dirçəlməsi üçün böyük investisiyalar yatırır. Bu, sadəcə formal bir addım deyil, xalqımızın tarix və mədəniyyətinə olan hörmətin göstəricisidir. Kanadanın "narahatlıqları" isə sadəcə açıq-aşkar ikiüzlü siyasi manipulyasiyalardan başqa bir şey deyil.

Kanadanın mövqeyi müstəqil xarici siyasətin nəticəsi deyil. Bu, ABŞ və Fransanın Ermənistana verdiyi dəstəyi kor-koranə davam etdirməkdən başqa bir şey deyil. Kanada artıq bölgədə geosiyasi alətə çevrilən və müstəqil qərarlar qəbul edə bilməyən bir peyk rolunu oynayır. Xarici siyasəti yalnız daxili auditoriya üçün səhnələşdirilmiş siyasi teatr və köhnə şablonlarla məhdudlaşır.

Melani Jolinin bəyanatları diplomatiya deyil, diplomatik farsdır. Bu çıxışlar nə real geosiyasi vəziyyəti, nə də 2020-ci ildən sonra Cənubi Qafqazda baş verən fundamental dəyişiklikləri nəzərə alır. Nəticədə, Kanada özünün siyasi oyunlarının və erməni lobbisinin maraqlarının girovuna çevrilib.

Azərbaycan beynəlxalq hüququn və ədalətin möhkəm dayaqları üzərində dayanır. Melani Jolinin isterik bəyanatları, Kanadadakı erməni komitələrinə ünvanlanan məktublar nə həqiqətləri dəyişdirə bilər, nə də Azərbaycanın suverenliyinə kölgə sala bilər. Qarabağ Azərbaycandır və bu, dəyişməz bir reallıqdır.

Hərbi cinayətlərdə suçlanan ermənilər üzərində məhkəmə prosesi ədalətin bərpasıdır, siyasi qisas yox. Əgər Kanada beynəlxalq arenada nüfuzunu qorumaq istəyirsə, erməni lobbisinin oyunlarını kənara qoymalı və bəyan etdiyi "dəyərlərə" sadiq qalmalıdır. Əks halda, Ottava öz diplomatik qeyri-müstəqilliyinin və siyasi riyakarlığının kölgəsində itib-batacaq.

Elçin Alıoğlu
Trend