Texnologiyanın şagirdlərə təsirinin qarşısı alınmazsa...

4 Fevral 2025 09:16

"Müasir dövrdə texnologiyanın sürətli inkişafı bir çox sahədə faydalı olsa da, onun mənfi təsirləri də artmaqdadır. Xüsusilə, telefonlar, sosial şəbəkələr və onlayn oyunlar şagirdlərin təhsil prosesinə ciddi maneələr törədir. Beynəlxalq tədqiqatlar göstərir ki, orta məktəb şagirdləri gün ərzində orta hesabla 4-6 saatını ekrana baxmaqla keçirir və bunun 60%-dən çoxu akademik məqsədlərlə əlaqəli deyil. Bu isə şagirdlərin dərslərə diqqətini yayındırır, tədris materiallarını qavrama qabiliyyətini azaldır və intellektual inkişafına mənfi təsir göstərir".

Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O, bildirib ki, dünya bankının 2023-cü il təhsil hesabatına görə, mobil telefonların dərs prosesində istifadəsi şagirdlərin akademik göstəricilərinə orta hesabla 12-15% mənfi təsir edir. Fransa, Finlandiya və Niderland kimi ölkələrdə məktəblərdə telefon istifadəsinə qadağalar qoyulub və nəticədə şagirdlərin dərs zamanı diqqəti və akademik nailiyyətləri artıb. Məsələn, Fransada 2018-ci ildən telefonların istifadəsi qadağan edildikdən sonra şagirdlərin orta bal göstəriciləri 8-10% artıb.

"Azərbaycan təhsil sistemində də bu problem aktual olaraq qalır. "Təhsil haqqında" Qanunun 32-ci maddəsinə görə, təhsil müəssisələri şagirdlərin təhsil prosesinə mane olan amillərlə mübarizə aparmalıdır. Lakin hazırda məktəblərdə telefon istifadəsinə qarşı ciddi məhdudiyyətlər tətbiq olunmur ki, bu da tədris keyfiyyətinə mənfi təsir edir. Təhsil müəssisələrində mobil cihazların istifadəsi yalnız tədris məqsədləri üçün tənzimlənməli və sosial şəbəkələr və oyunların təsirini azaltmaq üçün nəzarət mexanizmləri gücləndirilməlidir.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, gündə 2 saatdan çox ekran qarşısında vaxt keçirmək uşaqların yaddaş və analiz qabiliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən, məktəblərdə telefon istifadəsinə nəzarət mexanizmləri tətbiq edilməli, dərs saatları ərzində ekran vaxtı məhdudlaşdırılmalı və valideynlər, müəllimlər şagirdlərə texnologiyanın düzgün istifadəsini öyrətməlidir.

Əgər vaxtında tədbir görülməsə, yeni nəsil texnologiyadan yararlanmaq deyil, ona asılı olmaqla qarşılaşa bilər. Təhsil sistemi texnologiyanın idarəedilən istifadəsinə yönəlməli, çünki balanslı və şüurlu istifadənin olmaması cəmiyyətin intellektual potensialına ciddi zərbə vuracaq".

Asya
Milli.Az